Üzərində qoz-fındıq qiymətləri yazılmış təbriklər...

uzerinde-qoz-findiq-qiymetleri-yazilmis-tebrikler
Oxunma sayı: 2500

Nərmin Dadaşova

Salam oxucu dost, bu gün bayramdır və mən çox üzgünəm. Ona görə üzgünəm ki, içimdə bir tikə də olsun bayram sevinci yoxdur. Ona görə üzgünəm ki, mən artıq bayramlara sevinə bilmirəm. Ona görə üzgünəm ki, evimizə hələ də səməni almamışam. Hər gələn bahar, yəni yaşımın üstünə gələn bütün “bir”lər məndən elə saf şeyləri qoparır ki, bu barədə fikirləşəndə belə kədər başımın tacı, sevinc ayağımın tozu olur.

Dünəndən bəri içimdəki “vicdan”la mübarizə aparıram. Vicdansızlıqla daha doğrusu. “Hanı sənin uşaqlarının bayram xonçası, Nərmin?” - deyirəm özümə. Hanı səmənin? Hanı tonqalın? Hanı sənin analığın və səni heç vaxt tək qoymayan içindəki uşaqlığın? Yoxdur! Əvəzində, hövsələmi basa-basa bükdüyüm bir qazan dolma, mağazadan aldığım 3-5 şəkərbura var. Vəssalam.

Qızlarım belə bir bayramın mövcudluğundan xəbərsizkən, mən səbirsiziklə tətil günlərini gözləyirəm, rayona-böyüdüyüm evə getmək üçün. Çünki o evdə mən dadını çıxara-çıxara yaşadım uşaqlığımı, bayramları. Qan-tərə batana qədər qaçdım o baş-bu başa tonqalın ətrafında. Elə qorxuram, oxucu dost, elə qorxuram ki, qızlarımın uşaqlıqlarında belə xatirələri olmayacaq. Darıxdıqları evləri, “bizim vaxtımızıda” deyəcək dilləri olmayacaq.

Səhər açılandan telefonuma təbrik mesajları gəlir. Ancaq siz, heç biriniz, “Nərmin, bayramın mübarək” yazmırsınız, şablon mesajlar, üstünə təbrik yazılmış şablon şəkillər göndərdiniz mənə, hamıya. Yəni, qoz-fındığın qiyməti, maddi və mənəvi böhran təkcə məni yox, səni də məyus edib, dost oxucu.

Bütün bunlara rəğmən, bizim əhvalımızla, bizim maddi-mənəvi problemlərimizlə qısıtlanmayan təbiət ata yenə də özünü göstərir, oğlu Günəşin gözəl şüaları ilə gözümüzü qamaşdıraraq.

Hüzur içində yaşayın, süfrəniz, ürəyiniz, cibiniz, başınız dolu olsun.

Bayramınız mübarək!