Üzrlü yazı

uzrlu-yazi
Oxunma sayı: 3488



Uzun illər öncə Seymur Baycan deyəndə ki, bizdə hələ ayaqyolu mədəniyyəti formalaşmayıb, yığışıb dedik, adamın böyrəyi xəstədi, işini-gücünü atıb tualetdən yazır. Seymurun “uzaqgörən siyasət”inin məğzini yalnız indi anlayanlardan biri kimi deyim ki, gerçəkdən bizdə bu mədəniyyət formalaşmayıb. Hətta bu barədə danışmaq belə mentalitetimizdə ayıb sayılır, mütləq sözün qarşısına bir “üzr istəyirəm” ifadəsi artırılmalıdır.

İndi əziz oxucu, səndən də üzr istəyirəm, sürətlə Avropaya inteqrasiya etdiyimiz bir zamanda biz hələ də ictimai ayaqyolu problemi yaşayırıq. Necə olur ki, bu Hacıbala müəllim Bakının dörd bir yanında park salır, bu fəvvarələr meydanında bir “WC” tikmir? Əslində bir zamanlar vardı, onu da uçurublar. Nəticədə camaatın hamısı doluşur  “McDonalds”a, nə bilim KFC-yə, “Xaqani” Ticarət Mərkəzinə. Gözünə döndüyüm KFC rəhbərliyi də çıxış yolunu əla tapıb. Ayaqyolunun qapısının kilidi ancaq kassa qəbzində yazılmış şifrə ilə açılır. Yəni, anlayacağınız təbii ehtiyacların KFC-də ödənilməsi ən azı 2 manata başa gəlir. Halbuki normal ölkələrdəki kimi  şəhərin hər addımında bir ictimai ayaqyolu olsa, 20 qəpiyə bütün problemlər həllini tapar. 

Axı qarşıdan Avropa oyunları gəlir, dünyanın dörd bir yanından əcnəbilər tökülüb gələcək ölkəmizə. İndi bu ingilis zalımın balası (çin, rus, türk, yapon və sair də ola bilər. Millətinin heç bir dəxli yoxdu) təbii ehtiyacını ödəmək üçün Fəvvarələr Meydanından basıb getsin Kukla Teatrının yanına? Mən hələ Allah eləməsin, o əcnəbinin rayonlarımızı görmək eşqinə düşməsindən danışmıram. Yəqin bilməyən yoxdu, utanıb danışmayan var, elə bir rayon tapılmaz ki, orda ictimai ayaqyolu olsun. Varsa da, ona “var” deyilməz. Çünki içərisi olduqca bərbad, antisanitariya vəziyyətindədi. Üfunət qoxulu keçmiş xarabalıqları xatırladır.

Bütün günü deyirik ki, iş yox, gəlir yeri az. İndi olmayan yerdə bu tualetlərin fəaliyyəti də bir iş deyilmi? Adamın birini 20 qəpikdən hesablayanda günə əməlli-başlı pul edir. Hələ hər ayaqyolunda oturan xala-əminin evə pul aparacağını da düşünün. 

Bir sözlə, ayaqyolunun çoxluğu hərtərəfli yaxşı haldır. 

Uzun sözün qısası, millətin dilə gətirə bilmədiyi əsas problemlərindən biri də ölkədə tualet çatışmazlığıdır. Xeyli düşünəndən sonra problemin niyə həll olunmamasının səbəbini tapmışam. Səbəb odur ki, bu ayaqyoluların açılışı zamanı xüsusi mərasim təşkil olunmur, hansısa məmur gəlib qırmızı lent kəsmir, tv-lər bəh-bəhlə neçə gün həmin yeri göstərib analoqsuz olduğunu deyə bilmir. Yəni, ayaqyolunun tikintisi başqa yeyinti yerləri yaratmadığı üçün maraq dairəsindən uzaqdır. Buna görə də düşünüb təcili formul tapmaq lazımdır. Yoxsa neftin də qiymətinin düşdüyü ərəfədə avropalıların yanında tamam biabır olacağıq... 

P.S. Dostlar danışır, deyirlər ki, Azərbaycana işləməyə gəlmiş məşhur futbol məşqçilərindən biri komandası ilə birgə rayonlarımızdan birinə gedir.Elə olur ki, həmin məşqçinin tualetə ehtiyacı yaranır. Ona “tualet” adıyla göstərilən isə üstü bağlı yerdəki aralı qoyulmuş iki kubik daşı olur. Çox keçmir ki, həmin məşqçi şələ-şüləsini də yığışdırıb burdan gedir...