“Vahid məhkəmə təcrübəsi olmalıdır ki, insanlar incidilməsin”

vahid-mehkeme-tecrubesi-olmalidir-ki-insanlar-incidilmesin
Oxunma sayı: 1405

“Bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilərlər. Bu da nəticədə müəyyən narazılıqlara səbəb olur. İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmənin qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni, insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Vitse-spiker çıxışında xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxunub: “Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcəklər. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı dövlət adından qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var, özəl ekspertlərdə də elə imkanlar var. Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin”.

Günel Türksoy