Valideynlərə pul atan şirkət rəhbəri danışdı

valideynlere-pul-atan-sirket-rehberi-danisdi
Oxunma sayı: 1616

Ötən gün “Qafqazinfo”da “Şirkət rəhbəri 100 nəfərə pul atıb yoxa çıxdı” adlı şikayət məktubu yayımlanıb. Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Mahirə Qurbanova qeyd edirdi ki, “Global Edu.az” təhsil şirkətinə iyul ayında Londona on günlük təhsil və səyahət məqsədilə iki nəfər üçün 2800 manat verib. Amma şirkət qeyd edilən müddətdə uşaqları xaricə aparmayıb, bununla yanaşı hələ də ödənilmiş məbləği valideynə geri qaytarmır.
M. Qurbanova şirkətdən şikayət edənlərin sayının 100 nəfər olduğunu da nəzərə çatdırıb.
Yazı yayımlandıqdan sonra redaksiyamıza müraciət edən bir oxucu da şirkətlə probleminin olduğunu, ancaq onun pulunun geri qaytarıldığı deyib. Qeyd edib ki, hazırda Yasamal rayon Prokurorluğunda da şirkətlə bağlı bir neçə şikayət ərizələri araşdırılır.

Sözügedən məqalədən sonra, bu gün şirkət rəhbəri Tərlan Yusubov redaksiyamıza gələrək, qeyd olunan ittihamlara münasibətini bildirib. Onun sözlərinə görə, şikayətçi Mahirə Qurbanovanın da dediyi kimi iyul ayında Londona planlaşdırılmış on günlük səyahət proqramı var idi: “Proqrama əsasən doqquz nəfərlik qrupa bir nəfər də şirkətdən rəhbərlik edəcəkdi. İyulun 19-da qrup Londona getməli idi.

Böyük Britaniya səfirliyinin viza şöbəsinin qanunvericiliyinə görə, 15 iş günü müddətində sənədlərə cavab verilir. Şirkət iyunun ayının 29-da qrup halında səfirliyə müraciət edib. Bütün online köçürmələrin qəbzi şirkətdə mövcuddur. Plana əsasən, iyun ayının 29-da edilən müraciət növbəti ayın 15-də nəticələnməli idi. Amma səfirlik bizə avqust ayının ortalarında cavab verdi. 40-45 gün sənədləri bizə göndərmədi. Gələn sənədlərdən məlum oldu ki , üç nəfərə viza verilib, 6 nəfərdən isə imtina edilib”.

Problemlə bağlı şirkətin İstanbul mərkəzinə, o cümlədən Londonda viza məsələlərinə nəzarət edən quruma şikayət məktubu göndərdiyini bildirən T. Yusubov əlavə edib ki, sonda səfirlikdən vizaları deyil, şəxsiyyət vəsiqələrini tələb edib: “Çünki valideynlərin planları alt-üst olmuşdu. Bu problem şirkətimizə çox böyük təzyiqlər yaratdı. Hazırda da ciddi böhran yaşayırıq. Biz problem yaşanandan sonra bütün məsuliyyəti şirkət olaraq üzərimizə götürmüşük. Mahirə Qurbanovaya və digər valideynlərə də bildirmişik ki, səfirlik rüsumunu belə kəsmədən ödənilən pulları geri qaytaracağıq. Müqavilədə də göstərilib ki, viza verilmədiyi barədə sənəd təqdim olunduqdan sonra 90 iş günü müddətində ödənilən məbləğ geri qaytarılır. Əlbəttə ki, mən üç ay valideynləri gözlətmək niyyətində deyiləm, sentyabr ayının axırında bütün valideynlərlə məsələləri yekunlaşdıracağıq”.

Müqavilədə 1400 manat yazıldığı halda, mədaxil qəbzində 1100 manat göstərilməsinə məsələsinə gəlincə isə, şirkət rəhbəri qeyd edib ki, Londonda on günlük proqramının qiyməti 1100 manatdır: “300 manat isə əlavə xərclərdir ki, bunlara da viza rüsumu, sığorta, sənədlərin tərcümə təsdiqi və təyin edilən rəhbəri çatan məvacib var. Ona görə də biz əlavə xərclərin qiymətini mədaxilə daxil edə bilmərik, orada sadəcə proqramın qiyməti yazılır”.

T. Yusubov şirkətlə bağlı Yasamal rayon Prokurorluğunda aparılan araşdırmalara da münasibət bildirib. O qeyd edib ki, səfirlik viza məsələsini gecikdirdirdiyinə görə valideynlərin şirkətə inamı azalıb, bundan əlavə, keçmiş illərdə şirkətlə bağlı pis imic yaranıb: “Ancaq qeyd edim ki, biz pulu kimdənsə çöldə almamışıq. Şirkətin ünvanı bəllidir. Bütün hüquqi sənədlərimiz mövcuddur. Fəaliyyət göstərdiyimiz dörd il ərzində elə il olub ki, 150 tələbənin işini görmüşük, onların içindən on nəfərin problemi yaranıb. Məsələn, ya viza ala bilməyib, ya getdiyi universiteti xoşlamayıb, ya da yataqxananın şəraitindən narazılıq edib. Yasamal Prokurorluğunda olan şikayətlərin əsas səbəbi də bunlardır, araşdıra bilərsiniz. Bunlara görə, valideynlər şirkətdən narazılıq ediblər. O şikayətlərin heç birində şirkətin şüurlu şəkildə insanlardan pul alıb geri qaytarmadığı göstərilməyib”.

Günel Türksoy