Vaqif Dərgahlı sualları cavabladı - Video

vaqif-dergahli-suallari-cavabladi-video
Oxunma sayı: 7539

“İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirməyə cəhd edib. Şiddətli döyüşlər gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. 

O qeyd edib ki, Müdafiə Nazirliyi dərhal media nümayəndələrini cəbhə bölgəsinə dəvət edib: “Media nümayəndələri hadisə yerindən isti-isti məlumatlar əldə edərək ictimaiyyətimizə çatdırsınlar. Mən bugünkü bəyanatımızı səsləndirmək istəyirəm. Tovuz rayonu istiqamətində ağır döyüşlər gedir. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad qəhrəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları da şəhid olublar. Təəssüflər olsun ki, iyulun 12-də və iyulun 13-dən 14-nə keçən gecə şəhidlərimiz olub. Bu gün döyüşdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Mustafazadə Elçin qəhrəmancasına həlak olublar. Düşmənə qarşı cavab tədbirləri görülüb. Döyüşdə yaralananlar da olub. Onlara tibbi yardım göstərilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədiylə komandanlıq tərəfindən görülən cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyində yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır.

Ağır döyüşlər gedir. Ermənistan tərəfi həmişə olduğu kimi vəziyyəti cəbhədə gərginləşdikdə dərhal bizim yaşayış məntəqələrimizə atəşə tutmaqda davam edirlər. Yaşayış məntəqələrində mülki əhalini də basqı altında saxlamağa cəhd göstərir. Amma Azərbaycan xalqı o cümlədən bütün ictimaiyyətimiz bilsin ki Silahlı Qüvvələrimiz bu istiqamətdə olan Azərbaycan ordusunun bölmələri düşmənin qarşısını almağa hazırdır və buna qadirdir. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinlikdə olana atəş mövqeləri zərərsizləşdirilir və ehtiyatları vurulur”.