“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Ü.Ramazanovu məhkəmə önünə çıxaran hadisə ötən il avqust ayının 18-də gecə saatlarında Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 9 ünvanında baş verib.
İstintaq yolu ilə müəyyən edilib ki, Ü.Ramazanov əmisi Qabil Ramazanovun evində kimsənin olmamasından istifadə edərək onların mənzilinə soxulub. Əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən də pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb. Beləcə, Ü.Ramazanov yataq otağındakı divarda quraşdırılmış seyfin qapısını sındırıb və oradan 120 min manat pulu götürərək aradan çıxıb.
Abşeron Payon Polis İdarəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Ü.Ramazanov olması müəyyənləşdirilsə də onu istintaqa cəlb etmək uzun müddət mümkün olmayıb. Ü.Ramazanov külli miqdarda oğurluq etdiyi üçün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Hadisədən bir ay sonra isə Gürcüstan-Türkiyə sərhədini keçərkən Sarpi keçid məntəqəsində saxlanılıb. Ü.Ramazanov Tiflis Şəhər Məhkəməsinin qərarı ilə həbs olunub və həbsdə saxlama müddəti 14 mart, 2014-cü ilədək uzadılıb. Martın 14-də isə Azərbaycana ekstradisiya edilib.
Törətdiyi əmələ görə Ü.Ramazanova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, yəni özgənin əmlakını gizli yolla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Ümid Ramazanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olduqlarını və faktiki olaraq Saray qəsəbəsində yaşadıqlarını göstərib: “7-8 il olar ki, əmim Qabilin kafesində nəzarətçi işləyirəm. İşlədiyim müddətdə əmim mənə aylıq əməkhaqqı verməyib. Pulumu istəyəndə isə 5-10 manat verirdi. Həmin ərəfələrdə əmimdən məni evləndirməsini xahiş etdim. Amma əmim yenə də pulunun olmadığını bəhanə gətirdi və məni evləndirməyəcəyini dedi. Əmimin pulu olduğunu bildiyim üçün evindən oğurluq etməyi qərara aldım.
Avqustun 18-də Sumqayıt şəhərindəki “Nur” şadlıq evində digər əmimin qızının toy mərasimi idi. Pulunu oğurladığım əmimin ailə üzvləri ilə birgə həmin toyda olduğunu görüb oğurluq etmək üçün münasib şərait yarandığını düşündüm. Toydan çıxıb birbaşa Saray qəsəbəsinə gəldim. Həmin vaxt idarə etdiyim və əmimə məxsus olan 90 DK 167 nömrəli, “VAZ-21015” markalı maşını kənarda saxladım. Hasardan aşıb həyətə daxil oldum. Yataq otağının pəncərəsini və dəmir barmaqlıqlarını sındırıb içəri keçdim. Divara quraşdırılmış seyfi sındırıb sellofan torbada olan pulları götürdüm. Seyfdə qızıl-zinət əşyaları və digər pullar olsa da onlara dəymədim. Maşına əyləşib yenidən Sumqayıta doğru sürdüm”.
Ü.Ramazanovun sözlərinə görə, oğurladığı puldan cəmi 3 min manat götürüb, yerdə qalan hissəsini maşında saxlayıb: “Yolda pulları saydım. Pulun miqdarının çox olduğunu görüb bir hissəsini saxlamaq üçün mağazada işləyən Mehdi adlı tanışıma vermək qərarına gəldim. Mağazaya gəlib bu barədə Mehdiyı desəm də razılaşmadı. Pulun bir hissəsini götürüb Türkiyəyə getməyi düşünürdüm. Yerdə qalan məbləği isə saxlamaq üçün tanışlarımın birinə vermək istəyirdim. Həmin gecə Ramana qəsəbəsində yaşayan qohumum Elminin yanına getdim. Onunla görüşdüm, pulla dolu torbanı Elminə verib saxlamasını xahiş etdim. Elmin pullara baxıb saxlamaqdan imtina etdi. Bu qədər məbləği haradan əldə etdiyimlə maraqlandıqda əmimdən borc aldığımı dedim. Söhbət zamanı Elminə puldan bir az götürüb Gürcüstana, oradan da Türkiyəyə gedəcəyimi, yerdə qalan məbləği isə öz avtomaşınıma qoyacağımı dedim. Oradan birbaşa avtovağzala gəldim. Özümə məxsus olan avtomobili dayanacaqda saxladım, üç min manat götürdüm, yerdə qalanı isə maşının saxlanc yerinə qoydum. Taksiyə əyləşib Qazax rayonuna, oradan isə Türkiyəyə getdim. Bir aydan sonra pulum qurtardığından geri qayıtmalı oldum. Türkiyədən Gürcüstana keçərkən polis əməkdaşları tərəfindən saxlanıldım. Mənə oğurluqda şübhəli bilindiyimi dedilər. Törətdiyim əməli etiraf etdim”.
Zərərçəkmiş şəxs qismində dindirilən Qabil Ramazanov istintaqa verdiyi ifadəsində heç kimlə düşmənçiliyi və ədavəti olmadığını deyib: “Rəsmi olaraq heç yerdə işləməsəm də Saray qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin sahibiyəm. Hadisə baş verən gün ailə üzvlərimlə birlikdə qardaşım qızının toyuna getmişdik. Gecə saat 1 radələrində evə qayıdarkən yataq otağının pəncərəsinin qırıldığını, divarda olan seyfin qapısının açıq olduğunu gördüm. Seyfdən 120 min manat pul oğurlanmışdı. Dərhal polisə zəng vurub məlumat verdim”.
Şahid qismində dindirilən Nəsrulla Ramazanov ifadəsində ailə üzvləri ilə birgə Saray qəsəbəsində kirayə yaşadığını göstərib: “Həmin gün qardaşım qızının toyu idi. Oğlum Ümid bir az toyda oturandan sonra harasa getdi. Biz toydan çıxandan bir qədər sonra qardaşım Qabil zəng vurub evindən 200 min manat oğurlandığını dedi. Sonradan Ümidin evə gəlməməsindən şübhələndim. Bir neçə gündən sonra isə Ümid qardaşı Samrala mesaj yazaraq pulları saxladığı yeri dedi. Biz də polis əməkdaşları ilə birlikdə pulun saxlanıldığı yerə - avtovağzala getdik. Maşının saxlanc yerindən 116 min 700 manat aşkar edilərək götürüldü”.