56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 3-də Xaçmaz rayonu Qusarçay, Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba, Nərəcan, Ağtala kəndlərində bir sıra görüşlər keçirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilov eyni zamanda fevralın 5-də Seyidlər, Aşağı Ləgər, Digahoba, İdrisoba, Fərzəlioba, Kənd Xudat kəndlərində, fevralın 6-da Şollar, Maqsudkənd, Çaxçaxlı, Susayqışlaq və Pərdiqıran kəndlərində seçicilərlə görüş təyin edib.
Qeyd edək ki, V.İsrafilov seçki təbliğat-təşviqat kampaniyası ərzində namizədliyini irəli sürdüyü dairə üzrə 40-a yaxın kənddə seçiciləri ilə görüşüb.
Qusarçay, Palçıqoba, Manafoba və Çinartala sakinləri daxili yollarının təmirsiz olmasını, kənd məktəbinin tam təmirsiz, istifadəyə yararsız olduğunu, məktəbdə istilik sisteminin olmamasını, telefon xəttinin və internetin olmamasını, otlaq sahələrinin olmamasını, suvarma sistemlərində problemin olmasını, kənd xəstəxanasının istifadəyə yararsız olmasını namizədin nəzərinə çatdırıblar. V.İsrafilov məktəbdə olub, məktəbin vəziyyəti ilə maraqlanıb.
Ağaşirinoba sakinləri kənd yolunun olmamasını, kənddə ancaq ibtidai məktəbin olması, məktəbin istilik sisteminin olmamasını, təmirsiz olması, otlaq sahələrinin olmamasını, kənd sakinlərinin torpaqla bağlı çoxlu problemlərinin olmasını qeyd ediblər.
Nərəcan və Ağtala sakinləri otlaq sahəsinin, mədəniyyət evinin, içməli suyun, tibb məntəqəsinin, uşaq baxçasının, yolun kənd ərazisindən keçən hissəsində svetaforun və radarın olmamasını, məktəb yolunun pis vəziyyətdə olmasını, torpaqları yayda suvara bilməmələrini qeyd ediblər.
Vasif İsrafilov cənab prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.
Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.





Son xəbərlər
Son Xəbərlər