56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu yanvarın 26-da Xaçmaz rayonunda bir sıra görüşlər keçirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xaçmaz rayonunun Ləcət və Yalama kəndlərində Vasif İsrafilovu kənd sakinləri qarşılayıb.
Seçicilər kəndlərdə olan problemləri namizədin nəzərinə çatdıraraq V.İstafilovdan yenidən görüş təyin etməsini xahiş ediblər. Onlar bildiriblər ki, hazırki görüş planlaşdırılmamış olduğundan sakinlərin bir çoxu görüşlərdə iştirak edə bilməyib, lakin hamı iştirak etmək istəyir.
V.İsrafilov yanvarın 28-i saat 11.00-a Ləcət kənd stadionuna, həmin tarixdə 16.00-da Yalama kəndində görüş təyin edib, eyni zamanda bütün kəndlərin və Xudat şəhərinin sakinlərini fevralın 1-i saat 12-də Xudat şəhər Mədəniyyət evində təyin edilmiş görüşə dəvət edib.
Bundan sonra Vasif İsrafilov 56 saylı Xaçmaz kənd Dairəsinin sakinlərinə müraciət edib.
“Qarşıdan 9 fevral - milli məclisimizə seçkilər gəlir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” deyirdi. Bu sözlər sonradan Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Hər bir vətəndaşımızı gündəlik düşündürən məsələlər vardır ki, onların həlli Qanunverici Hakimiyyətdən - Milli Məclisin qəbul etdiyi qanunlardan birbaşa asılıdır. Odur ki, hər birimiz Qanunverici Hakimiyyətə öz nümayəndəmizi seçərkən kimə səs vermək haqqında ciddi düşünməliyik. 9 fevral günü öz sabahını düşünən və ona laqeyd olmayan hər kəs fəal olmalıdır! Bu seçkilərin əvvəlki seçkilərdən əsas fərqi odur ki, bu seçkilər Azərbaycanımızın keçid dövrünü arxada qoyduğu, dövlətimizin daha da gücləndiyi, dolayısıyla mövcud olan problemlərin dövlət tərəfindən həll olunması üçün imkanların daha da artdığı bir dövrə təsadüf edir. Odur ki, biz bu seçkilərə daha böyük inamla gedirik.
Mən, Vasif İsrafilov bu seçkidə Sizə üz tutaraq yaşlı-cavan, varlı-kasıb, kişi-qadın demədən bütün Xaçmazlıların vəkili olmaq üçün, Milli Məclisdə təmsilçiniz olmaq üçün, kimə oğul, kiməsə qardaş olmaq, kimə dayaq, kiməsə sirdaş olmaq üçün, hər birinizə dost olmaq üçün gəlmişəm. Mən bu doğmalığı Sizinlə bölüşmək, həm xeyir, həm də şər gündə yanınızda olmaq üçün gəlmişəm. “Hakimiyyətin mənbəyi xalqdır” kəlamından yola çıxaraq sizi düşündürən məsələləri sizin özünüzdən dinləmək üçün gəlmişəm. Bu məsələlərin istər Milli Məclisdə, istərsə də digər instansiyalarda qaldırılması və həll edilməsi üçün etimadınızı qazanmağa gəlmişəm.
Xudat şəhərində daimi qərargahım olmaqla rayon əhalisi ilə mütəmadi olaraq görüşəcək, hər Xaçmazlının fərdi vəkili olacaq, həmişə əlçatan olacaq, hər bir vətəndaşın probleminə şəxsi problemim kimi yanaşacağam.
Xaçmaz mənim doğma vətənimdir, mən, Xudatda doğulmuşam-böyümüşəm, orta təhsil almışam, valideyinlərim, qardaşım, qohumlarım bu rayonda yaşayır, mən bu rayona bağlıyam, rayonun, hər bir vətəndaşın problemi mənim problemimdi.
Milli Məclisin son bir neçə çağırışında bizim dairədən başqa bölgələrdən olan şəxslər deputat seçilmişlər.
İnanıram ki, bu dəfə əl-ələ verərək hamı səsverməyə gedəcək, öz rayonumuzun övladına səs verəcəkdir.
Xaçmaz rayonunun və Xudat şəhərinin problemlərini burada doğulub-böyüyən bir şəxs olaraq mən bilirəm və bu problemlərin həllini Sizlərlə birgə həyata keçirəcəyik!.
9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində Sizin ailəni şəxsən Səsvermədə fəal iştirak etməyə dəvət edirəm.
Səsvermədə iştirak edin, Sizi seçən namizədi Siz də seçin.
Məni seçin ki, hər birinizin vəkili olum!!!”

