Vasif Talıbov stansiyada

vasif-talibov-stansiyada
Oxunma sayı: 650

Məlumat verilib ki, ötən ilin fevralından inşasına başlanılan Arpaçay SES-də tikinti işləri intensiv davam etdirilir. SES-in gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saat olacaqdır. Turbinlərin tam gücü ilə işləməsi üçün Arpaçay su anbarından stansiyaya saniyədə 35 kubmetr su veriləcək. Stansiyada 3 turbin və 3 generator quraşdırılacaq. Yaxınlıqda yeni elektrik yarımstansiyası qurulacaq, istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi məqsədilə 14 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi də nəzərdə tutulur. Hazırda burada yeni stansiya binasının inşası həyata keçirilir. Arpaçay su anbarından stansiyaya qədər 1.100 metr uzunluğunda tunelin çəkilişinin əsas hissəsi başa çatdırılmışdır. Hazırda müəyyən hissələrdə dəmir-beton işləri aparılır, tunelin hava boşaldıcısında son tamamlama işləri görülür.

Yeni tikilən Arpaçay SES Heydər Əliyevin ötən əsrin 70-ci illərində muxtar respublikamızda reallaşdırdığı böyük layihələrdən biri olan Arpaçay su anbarından qidalanacaq. Elektrik stansiyasının inşası çərçivəsində Arpaçay su anbarından elektrik stansiyasına suyun ötürülməsi məqsədi ilə müasir standartlara uyğun suötürücü dəmir-beton qurğu tikilib. Ali Məclisin sədri Arpaçay su anbarına gələrək suötürücü qurğunun texniki göstəriciləri ilə maraqlanıb. Burada əsas və ehtiyat giriş qapıları quraşdırılıb, suötürücünün ətrafı beton lövhələrlə möhkəmləndirilib.

Ali Məclisin sədri görülən işlərin keyfiyyətinə xüsusi diqqət yetirməyin vacibliyini bildirib, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

İqtisadi səmərəlilik və muxtar respublikanın enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan Arpaçay SES-in bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Bu stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisinə tələbatının 60 faizi SES-lərin hesabına ödəniləcək.

Azertac