“Qafqazinfo”nun xəbərinə görə, vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesə sabiq naziri də gətiriblər: “Proses başlayan kimi hakim Nicat Quliyevin xəstəliyi ilə bağlı sorğuya Penitensiar Xidmətin cavabını açıqladı. Penitensiar Xidmətin iki cümləlik cavabında yazılıb ki, Nicat Quliyevin səhhəti məhkəməyə gedib-gəlməsinə imkan verir. Amma onun hansı xəstəliklərdən əziyyət çəkdiyi, xəstəliyinin tarixi, müalicə almasına ehtiyac olub-olmaması haqda heç nə yazılmayıb. Penitensiar Xidmətin cavabını əsassız sayırıq. Çünki səhhətində yaranmış problemlər Nicat Quliyevin effektiv müdafiə həyata keçirməsinə imkan vermir”.
Əfqan Məmmədov bildirib ki, prosesdə əlavə vəsatətlərlə çıxış ediblər: “Nicat Quliyevin xəstəlik tarixçəsi Penitensiar Xidmətdədir. Onun xəstəlik tarixçəsinin məhkəməyə gətirilməsi və baxış keçirilməsi haqda vəsatət verdik. Xəstəlik tarixçəsində sabiq nazirin nə zaman xəstələnməsi, hansı xəstəlikdən əziyyət çəkməsi, mötəbər həkimlərin verdikləri rəylər toplanıb. Amma hakim vəsatəti təmin etmədi. Dedi ki, xəstəlik tarixçəsinin məhkəməyə aidiyyəti yoxdur. Bu qərar əsassızdır. Çünki xəstəlik tarixçəsi məxfi sənəd deyil. Kim istəsə, götürüb baxa bilər”.
Vəkil deyib ki, prosesdə əlavə iki vəsatət də veriblər: “Nicat Quliyevin Abşeron Rayon Məhkəməsində mühakiməsinin iclas protokolları saxtalaşdırılıb. Əvvəla, istintaqın şahid kimi tanıdığı bir neçə nəfər məhkəməyə gəlməyib. Amma məhkəmənin yekun protokolunda yazılıb ki, guya şahidlər məhkəməyə gəlib. Şahidin adından protokola ifadə də yazıblar. Guya şahid o ifadəni məhkəmədə verib.
İkincisi, şahidlər Şaiq Nəsirov, Fəxrəddin Əliyev, İlqar Əmirovun məhkəmədə verdikləri ifadələr saxtalaşdırılıb. Şahidlərin məhkəməyə verdikləri ifadələr bir kənarda qalıb, məhkəmə protokoluna onların istintaqa verdikləri ifadələri köçürüblər. Şahidlər məhkəmədə tamamilə başqa formada ifadə vermişdilər. Həmin ifadələr istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqlərinə sərf etmirdi. Ona görə də məhkəmə iclasının protokolunu saxtalaşdırıblar. Bu məsələnin araşdırılmasını istəyirik.
Nicat Quliyevin avtomobilinə və bağ evinə qoyulan silahlardan çıxmış əl-barmaq izlərinin yenidən yoxlanılması, bununla bağlı ekspertizanın keçirilməsi üçün də vəsatət verdik. Çünki silahlarda əl-barmaq izlərinin olub-olmamasını ekspertizadan keçirməmiş silahların özünü ekspertizaya göndəriblər. Bu zaman qanunu pozublar. Əvvəlcə silahlarda əl-barmaq izlərinin olub-olmaması yoxlanılmalı, bizim iştirakımızla baxış və ekspertiza keçirilməliydi. Bunların heç biri olmayıb. Biz Sumqayıt Apellyasiya Məhkəməsindən silahlardan tapıldığı iddia olunan əl-barmaq izlərinin yenidən ekspertizadan keçirilməsini tələb edirik”.
Vəsatətlər üzrə qərar iyulun 15-də keçiriləcək prosesdə açıqlanacaq.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.
N.Quliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğludur.
Son xəbərlər
Son Xəbərlər