“Qafqazinfo”nun məlumatına görə, vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesə sabiq nazirin özünü də gətiriblər: “Nicat Quliyevin səhhətində ciddi problemlər var, qaraciyərində ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən onu əvvəlki iki prosesə gətirmək mümkün olmamışdı və məhkəmə təxirə salınmışdı. Vəziyyəti yenə ağırdır, ayaq üstə dura bilmirdi. İyunun 19-da keçirilən prosesə də məhkəməyə hörmət əlaməti olaraq gəlmişdi”.
Əfqan Məmmədov bildirib ki, prosesdə bir vəsatətlə çıxış edib: “Nicat Quliyevi həbsxana şəraitində müalicə etməyin mümkün olub-olmadığını və xəstəliklərinin onun məhkəmədə fəal iştirakını məhdudlaşıdırb-məhdudlaşdırmadığını müəyyənləşdirmək üçün ya məhkəmə-tibbi ekspertizası keçirilməsi, ya da onun ixtisaslı həkimlər briqadası tərəfindən kompleks müayinə olunması haqda vəsatət verdik. Hakim vəsatəti qismən təmin etdi. Nicat Quliyevin səhhətini, xəstəliklərini öyrənmək üçün saxlandığı 3 saylı İstintaq Təcridxanasına sorğu göndəriləcək. İstintaq təcridxanasının sorğuya verdiyi cavab əsasında qərar qəbul olunacaq”.
Proses iyulun 3-dək təxirə salınıb.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.
Qeyd edək ki, N.Quliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğludur.
Son xəbərlər
Son Xəbərlər