“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmağa və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberg bildirib.
O, xatırladıb ki, ABŞ Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub: “ABŞ-nin Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açıldı. O zaman Robert Finn müvəqqəti işlər vəkili idi. 30 ildir ki, biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə işləmişik”.
Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır: “Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir”.
Səfir qeyd edib ki, Azərbaycanın ABŞ ilə diplomatik əlaqələrinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dən böyük tərəfdarı yoxdur.
***
Örl Litzenberqer əlavə edib ki, ABŞ sülhə gətirəcək istənilən addımları dəstəkləyəcək: "ABŞ Azərbaycanla və Ermənistanla birgə işləmək niyyətinə sadiqdir. ABŞ bu istiqamətdə hər iki dövlətin birbaşa danışıqlara qatılması və münaqişədən sonra qalan müəyyən narazılıqların həlli üçün birgə işləməyə təkan verməyə hazırdır.
Təki bu addımlar və bu kimi danışıqlar, ünsiyyətlər məhsuldar olsun. Avropa İttifaqı bu yaxınlarda buna bənzər təşəbbüsü reallaşdırdı. ABŞ Avropa İttifaqının təşəbbüsünü dəstəkləyir".
***
Səfir Birləşmiş Ştatların Azərbaycanın işğaldan azad olunan torpaqlarında minatəmizlə işlərini dəstəklədiyini qeyd edib: “Biz daha çox ABŞ şirkətinin Qarabağda bərpa işlərində iştirak etməsini istəyərdik. Artıq bəzi şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Bura energetika və minatəmizləmə işləri daxildir. Lakin bərpa fəaliyyətinə daha çox ABŞ şirkətinin qatılması üçün bir şərt var. Bu da açıq ictimai tenderlərin keçirilməsidir. Mən bilirəm ki, bu halda ABŞ şirkətləri daha müfəssəl məlumat əldə edə biləcək və öz təkliflərini daha fəal şəkildə təqdim edə biləcəklər. Mən inanıram ki, ABŞ biznesini təmsil edən şirkətlər ən yaxşı texnologiyalara malikdirlər və onlar bu istiqamətdə Azərbaycana yardım edə bilərlər”.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər