“Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Matçla bağlı fikirləriniz...
- Bu gün yaxşı oynadıq. “Qəbələ” də yaxşı komandadı. Amma inanıram ki, cavab matçında qələbə qazanacağıq. Bu gün hər iki komandanın qol şansları oldu. Kubokun finalına layiq matç oldu.
- Tam səmimi cavab ver, Aleksey Qayın epizodunda penalti var idi?
- Hakim təyin etməyibsə, demək ki, yox idi.
- Sənin fikrin maraqlıdı...
- Xeyr, yox idi. Mən topa tullandım, Qay özünü qırağa çəkdi. Sadəcə, Qay ayağını mənə ilişdirdi. (gülür)
- İlk hissədə “Qəbələ” 4 real qol şansı qaçırdı. Amma fasilədən sonra daha yaxşı oyun nümayiş etdirdiniz. Bəxtinizin gətirdiyini düşünmək olar?
- 10-15 dəqiqə sanki donmuşduq. Daha sonra oyun açıldı, komandamız buna uyğunlaşdı. Məncə, qazanılan nəticə pis deyil.
- Bu gün meydanda aqressiv idin. Samir Zərgərovla da müsbahisən düşdü...
- Vaxt gələr, nə baş verdiyini deyərəm.
- Cari mövsümdə 9 sarı vərəqə almısan. Səncə, bu qapıçı üçün həddən çox deyil?
- Razıyam, çox vərəqə almışam. Həmişə haqsızlığa etiraz edib, vərəqə almışam. Demək ki, epizodlar çox olur ki, bu qədər cəzalanıram.
- “İstefa” şüalarından sonra qol vurdunuz. Bunun sizə mənfi yoxsa, müsbət təsiri var? Ümumiyyətlə, azarkeşlərə nə demək istərdin?
- Həmişə azarkeşlərimizlə bir olmuşuq. Elə matçdan öncə də görüşdük. Onların bizə ürək sözləri oldu. Qalib gəlməyi biz də istəyirik.
- Cavab oyunu üçün şansları necə dəyərləndirirsən?
- 1:1 sürüşkən hesabdı. Bu oyunu 0:0 kimi sayıram. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
- Orada əvvəl çempionat, sonra kubok matçına çıxacaqsınız. Eyni komandaya qarşı ardıcıl üç oyun keçirmək darıxdırıcı deyil?
- Niyə darıxırıq ki? Qəbələdə dağların təmiz havasını alacağıq. Amma eyni rəqiblə ardıcıl oynamaq cansıxıcı olur.
Son xəbərlər
Son Xəbərlər