Vaxtında atılan addımlar

vaxtinda-atilan-addimlar
Oxunma sayı: 1310

“Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Dövlətimizin xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq, əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsasdır. Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu son vaxtlar özünü daha qabarıq şəkildə büruzə verir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, təkcə ötən il imzalanan və dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə kimi dəyərləndirilən sənədlərə diqqət yetirsək, bunun bir daha şahidi olarıq.

M.Həsənov qeyd edib ki, Azərbaycan Avropanın nəinki enerji, digər sahələrdə də etibarlı tərəfdaşıdır: “Yeni Anlaşma Memorandumunun icra olunması Avropanın enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün Avropa ölkələrinə daha çox  qaz ixrac etməyə fürsət yaradacaq. O da məlumdur ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə imzalayıb, digər sazişlərə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır. Bu tərəfdaşlığın çox böyük gələcəyi vardır.

Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaşdır, eyni zamanda, əsl dost ölkələrdir. Dövlət başçısı İlham Əliyevin işgüzar səfəri çərçivəsində Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı oldu. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstanda ofisinin açılması Şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək”.

Millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan Anlaşma Memorandumu gələcək üçün yol xəritəsidir: “Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihəni uğurlu sonluqla başa çatdırması belə bir əminliyə əsas verir ki, sözügedən Memorandum  Azərbaycan-Bolqarıstan, ümumilikdə Avropa İttifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsində öz sözünü deyəcək. Dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri ilə diqqətdə olan Azərbaycanın bugününə və gələcəyinə inam böyükdür".