“Vaxtında məlumat verilsəydi, iclasa qatılardım” - Qurban Qurbanov

vaxtinda-melumat-verilseydi-iclasa-qatilardim
Oxunma sayı: 2468

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməyib. “Qafqazinfo” xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla fanat.az-a açıqlamasında bütün komitə üzvlərinin iclasa dəvət olunduğunu bildirib. Bəs Qurbanov toplantıya niyə qatılmayıb?

Bununla bağlı mütəxəssis özü açıqlama verib: “İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim”.

Qurbanov “Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı” sualına belə cavab verib: “Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub”.

Qeyd edək ki, İcraiyyə Komitəsi Nikola Yurçeviçi milli komandamıza baş məşqçi təyin edib.