Vəhşi qadın

vehsi-qadin
Oxunma sayı: 1977


Vəhşi təkcə təbiət deyil. Həm də insanlardır. İnsan bəzən özünü tampaq üçün vəhşilik etmək məcburiyyətində qalır.

Qadın və ya kişi gerçəklərlə üzləşmək, problemlərindən, keçmişindən qaçmaq üçün özünə bir yol seçir. İnanır ki, həmin yolun sonunda onu daha yaxşı bir həyat gözləyir.

Düşdüyümüz durumu unutmaq və ya öz aləmimizdə “dəyişmək” üçün içkiyə qurşanmaq, saçları kəsdirmək, qarşısına çıxan hər kişi və ya qadınla yatmaq da seçdiyimiz yollardan bir neçəsidir. Amma bu yolun sonunda bizi nə gözləyir?! Keçmişinlə nə qədər başbaşa qala bilərsən?!

Sizə keçmişindən qaçmaq üçün “vəhşi” olmağı seçən bir qadın haqqında danışacağam. Şeril Streyd. 7 illik eviliyi uğursuz başa çatan Şeril, anasını itirdikdən sonra həyata bağlanacaq heç bir budağın olmadığını görür və Sakit okeanı boyunca təxminən min kilometrlik bir tura çıxır.

100 günlük səyahət boyunca aclıqdan, susuzluqdan əziyyət çəkir, qorxur, ölüm və zorlanma təhlükəsi ilə üz-üzə qalır. Amma həyatda qalmağı bacarır. Onu yenidən həyata bağlayan ideya isə hər şeyə rəğmən, həyatda qalmaq və yaşamaq həvəsidir.

Bu günlərdə kinoteatrlaımızda nümayişə girən “Vəhşi” (“Wild”) filmi real həyat hadisələri əsasında lentə alınıb. Fərqli sujet xətti ilə diqət çəkən film, insanın ən çox səhv edə biləcəyi dövrünün keçməkeşlərinə işıq tutur.

Səndən asılı olmadan, özünü ekranda gördüyün insanın yerinə qoyursan. “Mən olsam neynərdim?” deyirsən. Mən olsam geri qayıdardım. Necə ki, bu marşrut üzrə gedən bir çox turist də sona qədər tab gətirə bilmir.

Ümumiyyətlə filmlər mənə hər zaman nəsə unutduğum gerçəkləri xatırladır. Məsələn 1996-cı ilin ən yaxşıu filmlərindən olan “İngilis Pasient” (The English Patient) mənə ölümü xatırlatmışdı. Bilmirəm niyə, amma mən o filmə 2-ci dəfə baxanda ölümün hər an bizi gəlib tapa biləcəyini düşünmüşdüm.

“Forest Gump“dan aldığım fikir bu olmuşdu: Qazanmaq, varlanmaq, xoşbəxt olmaq sənin öz əllərindədir. Heç bir uğurun bəxtə aidiyyatı yoxdur. “Bəxtim gətirmədi” şablonu insanların öz uğursuzluğuna geydirdiyi dondur.

“Vəhşi” isə mənə sevdiklərimizin dəyərini bilməyin bəlkə də ən önəmli şey olduğunu, amma nə olursa olsun, həyatın davam etdiyini yadıma saldı. “İnsan irəli getmək üçün keçmişini arxada buraxmaldıır” mesajını təlqin etdi.

Aktrisa Riz Uiderspun (Reese Witherspoon) baş roldakı ifasına görə ən yaxşı aktrisa nominasiyasında bu il Amerika Kinokademiyasının ilk beşliyinə daxil oldu. Amma qalib gəlmədi. Yaxşı ifa edib, lakin bir nüansı mütləq qeyd etməliyəm.

100 gün boyunca çöllərə düşən, sədəqə kimi nə tapdısa yeyən bir qadın, necə olsursa, hədəfinə ulaşanda ilk günki kimi olur. Məncə, rejissor aktrisanı ən azı 15 kilo arıqlatmağı yaddan çıxarmışdı.

Bunlar düzələn şeylərdir. Əsas odur ki , keçmişin yaxasını buraxıb irəli baxa biləsiniz!