Məhkəmədə hakimlə mübahisə edən tanınmış vəkilin vəkillik fəaliyyəti dayandırılıb.
“Qafqazinfo”nun məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.
Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.
Şikayət əsaslı olduğundan kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərdən biri həmin səbəbdən təxirə salınıb. Hakim Əli Məmmədov deyib ki, tərəflərdən birinin vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırıldığına görə məhkəmədə iştirak edə bilmir. Həmin səbəbdən proses təxirə salınıb. Vəkil 1 ay icraatında olan digər işlərdə də iştirak edə bilməyəcək.
***
Məsələ ilə bağlı Vəkillər Kollegiyası da məlumat yayıb. Bildirilib ki, Vəkillər Kollegiyasına Məhərrəmli Əhməd Nizami oğlu ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub.
Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər