Azərbaycan Respublikası Vəkillər Kollegiyası Avropalı həmkarları ilə əməkdaşlığa başlayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, Kollegiyanın Rəyasət Heyətinin üzvü Anar Bağırov fevralın 26-28 tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi”-nin iclasında iştirak edib.
32 üzv ölkəni və təxminən 1 milyon hüquqşünası özündə cəmləşdirən təşkilatın iclasında AR Vəkillər Kollegiyası ilk dəfədir ki təmsil olunub.
Prezentasiyada Azərbaycanda olan vəkilliklə bağlı ümumi məlumatlar, statistik göstəricilər, dövlət hesabına hüquqi yardım haqqında məlumatlar, , vəkillərin seçilməsi prosesi, vəkillərin etik davranış qaydaları və s. haqqında məlumatlar öz əksini tapıb. Eyni zamanda, A.Bağırov iclas iştirakçılarını Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib və bu məlumatlar iclas iştirakçılarının böyük marağına səbəb olub.
Anar Bağırov bildirib ki, ümumulikdə, bu səfərin Vəkillər Kollegiyası üçün səmərəli olacağına inanır: "Bu əlaqələr, Avropa ölkələrinin vəkillik sahəsindəki təcrübələrindən yararlanmaq, avropalı hüquqşünaslarla qarşılıqlı təcrübə mübadiləsi aparmaq kimi imkanlar yaradır. Mən həmçinin, CCBE-nin Daimi Komitəsinin iclasında iştirak etdim. Orada İnformasiya Texnologiyaları hüququ, Avropa Xüsusi Hüququ, çirkli pulların yuyulması və s. mövzularda müzakirələr olundu. Beynəlxalq quruma üzv olan müxtəlif ölkələrin kollegiyalarının nümayəndələri ilə görüşmək imkanı əldə etdik. Qeyd edim ki, CCBE-nin Daimi Komitəsinin əsas funksiyası mərkəzi və şərqi Avropada vəkillik peşəsini daha da inkişaf etdirməkdir. Düşünürəm ki, belə bir nüfuzlu təşkilatla əlaqələr Azərbaycanda da vəkillik peşəsinin inkişafına müsbət töhfə verəcəkdir.”
Xatırladaq ki, bu quruma Avropa ölkələrindən yalnız Azərbaycan və Belorus üzv deyillər.
Son xəbərlər
Son Xəbərlər