Son zamanlar ölkəmizin qanunvericilik sistemində olan çoxşaxəli qanun layihələri müzakirə edilmiş və qəbul edilmişdir. Bu qanunlardan biri də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR qanunudur. Vəkillik fəaliyyətinin əsasının Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunu təşkil edir. Bizim üçün sahəvi qanun olan bu qanunda vəkillərin hüquqları sıralanmışdır. Vəkillik fəaliyyətinin demək olar ki, əsasını araşdırmaq, məlumat toplamaq, sənədlər almaq və ədalət mühakiməsi zamanı bu sənədlərdən və məlumatlardan istifadə etmək təşkil edir. Sahəvi qanunumuzun 15-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq hüququna malikdir.
Lakin, bu hüquqların həyata keçirilməsi ilə bağlı təcrübədə bir sıra problemlər mövcuddur. Bu problemlər barədə “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin üzvü, vəkil Aqil Layıc danışıb.
“Son zamanlar daha dəqiq desək 11 may 2010-cu il tarixindən , yəni “Fərdi məlumatlar haqqında” AR qanunu qüvvəyə mindiyi tarixdən bu yana vəkillər peşə fəaliyyəti ilə əlaqədar müstəqil olaraq araşdırma aparmaq (sorğular vermək, sənədlər əldə etmək, bu və ya digər şəkildə informasiya toplamaq) hüququndan demək olar ki məhrum olmuşdur. Demək olar ki, fəaliyyətimizlə əlaqədar istənilən sorğumuza imtina məktubu alırıq. Həmin qanunun tələblərinə görə ad, soyad və ata adı istisna olmaqla bütün məlumatlar “fərdi məlumatlar” adı altında şifrələnib və vəkillər üçün əlçatmaz olub. Bu isə peşə fəaliyyətimiz ilə əlaqədar vətəndaşları hüquqi yardımdan məhrum edir və məhkəmələri əlavə sorğular verməklə yükləyir. Halbuki demoktarik cəmiyyətdə və hüquqi dövlətdə vəkillərin bu səlahiyyətləri məhdudlaşdırıla bilməz. Ona görə ki, AR Konstitusiyasının 61-ci maddəsinə əsasən yüksək keyfiyyətli hüquqi yardımı məhz peşəkar şəkildə vəkillər göstərə bilərlər.” – dəyə vəkil Aqil Layıc bildirib
Aqil Layıc qeyd edib ki, “Fərdi məlumatlar haqqında” AR-nın qanunun 13.2.2-ci maddəsinə əsasən fərdi məlumatları (ad, soyad, ata adı istisna olmaqla) əldə etmək hüququ olan subyektlərin dairəsi müəyyən edilmişdir. Fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə verilə bilər. Lakin göründüyü kimi bu səlahiyyətlər ədalət mühakiməsi zamanı digər tərəflərə (istintaqa və ya məhkəmələrə, digər dövlət orqanlarına) verildiyi halda vəkillərə verilməmişdir. Bu isə bir sıra qanunvericilik və Azərbaycan Respublikasının öz üzərinə pozitiv öhdəlik götürdüyü beynəlxalq müqavilələr baxımından diskriminasiya təşkil edir (İnsan hüquqarı üzrə Avropa Konvensiyasının 14-cü, İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 2-ci, İnsan hüquqlarının Beynəlxalq bəyənnaməsinin-nin 2-ci maddəsi baxımından).
A.Layıc bildirib: “Belə bir sual ortaya çıxa bilər ki, bu məlumat əldə etmək hüququ vəkillərin sahəvi qanununda var və buna görə əldə edilə bilər. Hər iki qanundan göründüyü kimi fərdi məlumatların toplanması baxımından kolliziya əmələ gəlmişdir. Həmin kolliziya isə zaman
yurisdiksiyası baxımından (Lex posterior derogat legi priori, Normativ Hüquqi aktıar haqqında AR Konstitusiya qanunun 10.5-ci maddəsi) sonrakı, yəni “Fərdi məlumatlar haqqında” AR qanununu üstün hala gətirir. Məzmun yurisdiksiyası baxımından məsələyə yanaşsaq tələb olunan məlumatlar “fərdi məlumatlar” olduğundan sahəvi qanun üstün qüvvəyə malikdir (Lex specialis derogat legi generali, Normativ Hüquqi aktlar haqqında AR Konstitusiya qanunun 10.3-cü maddəsi). Çünki həll olunan məsələ məhz fərdi məlumatdır.
Sonda vəkil bildirib ki, onlara, yəni vəkillərə qanun tərəfindən verilən məlumatlar toplamaq hüququ “Fərdi məlumatlar haqqında” AR qanunun 13-cü maddəsi baxımından qeyri-işlək və səmərəsiz hala gəlib. Bu isə ilk növbədə demoktatik cəmiyyətin və hüquqi dövlətin əsas təsisatlarından biri olan “yüksək keyfiyyətli hüquqi yardım” instutunu zədələyir. Bütün bunları nəzərə alaraq vəkil Aqil Layıc və ümumiyyətlə “Azərbaycan Hüquq İslahatları Mərkəzi” “Fərdi məlumatlar haqqında” AR Qanunun 13-cü maddəsinə bu məlumatları əldə etmək hüququ olan subyektlər arasına vəkillərin salınması yönündə təşəbbüs göstərilməsi zəruri hesab edir.