Bu gün beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, iştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km) qət edəcəklər. Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komandanın iştirakı edir ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Hazırda veloyürüşə Amerikanın “Terenqqanu” komandasından olan Mohd Zamri liderlik edir. “Synergy Baku”-nın heyətində Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Muqerli, Kirill Pozdnyakov və İoannis Tamuridis çıxış edir.
Məlumat üçün qeyd edək ki, idmançılar 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.
Qeyd edək ki, mötəbər idman tədbiri olan bu veloyürüş ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır. Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.
Son xəbərlər
Son Xəbərlər