Vəndamın məktəbi dağılır - Video

vendamin-mektebi-dagilir
Oxunma sayı: 2936

Qəbələnin Vəndam qəsəbəsində keçən əsrin əvvəllərindən inşa olunan bina hazırda məktəb kimi fəaliyyət göstərir.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, 1928-ci ildə məscid kimi fəaliyyətə başlayan, sovet hakimiyyəti dövründə isə sonradan 2 saylı məktəb kimi istifadə olunan bina istismar müddətini başa vurub. İllər ötdükcə bina tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.

Məktəbin direktoru İradə Cəlilovanın sözlərinə görə vəziyyət çətinləşəndə valideynlərə zəng vururlar: “Yağış yağırdı. Hər yer su olurdu. Valideynlərə zəng vururduq ki, gəlin uşaqlarınızı aparın. Hər zaman 350-ə yaxın şagirdimiz olub. Vəziyyətlə əlaqədar olaraq, 20-dən çox şagirdimiz digər məktəblərə üz tutdular”.

Uzun illərdir təmir olunmayan binanın tavan və döşəməsi sıradan çıxıb. Yaranan vəziyyətlə bağlı məktəb 1 saylı tam orta məktəbin binasına köçürülüb, şagirdlərin təhsili isə növbəli qurulub.

Valideynlər isə, şəraitdən narazılıqlarını əsirgəməyiblər: “Şərait bizi qane etmir. Məcburiyyət qarşısında qalmışam ki, uşaqları çıxarıb başqa təhsil müəssəsinə aparım. Çox acınacaqlıdır vəziyyət”.

Qəbələ rayon Təhsil Şöbəssindən verilən məlumata əsasən rayonda 4 qəzalı, 2 əsaslı təmirə ehtiyacı olan məktəb var. Son 10 il ərzində Qəbələ rayonunda 28 yeni məktəb binası tikilib istifadəyə verilib. Adı çəkilən məktəbin isə yaxın illərdə yenidən tikintisi nəzərdə tutulub.