Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq

venesiya-biennalesinde-azerbaycan-pavilyonunun-acilisi-olacaq
Oxunma sayı: 4095

Bu həftə 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 60-сı Venesiya Biennalesində təmsil olunacaq. 

Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 

Bu il aprelin 20-dən noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçiriləcək.  

Biennalenin kuratoru Adriano Pedros mövzunu təsadüfən seçməyib. Biennalenin dünyada insanların müxtəlif ölkələrə köçməsi ilə bağlı böhranlar fonunda fəaliyyət göstərdiyini bildirən Adriano Pedros bunun müxtəlif fərqliliklər və çətinliklərlə müşayiət olunduğunu qeyd edir. “Əcnəbilər hər yerdədir” ifadəsi iki mənada verilir. Birincisi, hara getməyimizdən asılı olmayaraq hər yerdə əcnəbilərlə rastlaşırıq – onlar (biz) hər yerdədir. İkincisi isə, istənilən yad bir yerə getsək həmişə əcnəbiyik.

16-cı əsrin heyrətamiz memarlıq abidələrindən olan Campo della Tanada yerləşən Azərbaycan pavilyonu isə Venesiya sərgisində “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir. 

Müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisin (Luca Beatrice)  kuratorluğu ilə yaradılan pavilyonumuzda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq ediləcək - səfərlər, səyahətlər, mühacirətin hər zaman fərdi identiklik və incəsənətə təsiri göstəriləcək. Şəxsi təcrübələrinə əsaslanan müəlliflər əsərlərində əcnəbilik mövzusunun Azərbaycan üçün aktuallığını çatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əks etdirir, eyni zamanda incəsənət vasitəsilə digərinə hörmətlə yanaşmağın vacibliyini bəyan edirlər. Ziyarətçilər əsərlərə müxtəlif bucaqlardan baxaraq fərqli mədəniyyətlərin qarışığının ahəngini seyr edib, ümumbəşəri qarşılıqlı anlaşma ideyasının zəruriliyini görə biləcəklər.