Venesiya Film Festivalının qalibləri elan edildi

venesiya-film-festivalinin-qalibleri-elan-edildi
Oxunma sayı: 1996

ABŞ-da işləyən Xloi Çjaonun “Köçərilərin torpağı” (“Nomadland”) filmi 77-ci Venesiya Film Festivalının əsas mükafatı – “Müqəddəs Markın qızıl şiri”ni alıb.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə aktrisa Keyt Blanşettin başçılıq etdiyi beynəlxalq münsif heyəti bildirib. Qaliblərin elan edilməsi mərasimi festivalın saytında yayımlanıb.

Bundan başqa, yapon Kiesi Kurasavanın “Cəsusun həyat yoldaşı” (“Wife of a Spy”) filmi ən yaxşı rejissor işinə görə “Müqəddəs Markın gümüş şiri”nə layiq görülüb. Münsif heyətinin qran-prisini (ikinci “Müqəddəs Markın gümüş şiri”) “Yeni qayda-qanun” (“New Order”) filminə görə meksikalı Mişel Franko alıb.

Rusiyalı Andrey Konçalovskinin “Əziz yoldaşlar!” filmi münsif heyətinin xüsusi mükafatını alıb.

İtalyan Pyerfrançesko Favino Klaudio Noçenin “Bizim ata” (“Padrenostro”) filmində roluna görə ən yaxşı aktyor kimi Volpi Kubokuna layiq görülüb.

Volpi Kubokunu ən yaxşı qadın roluna görə isə britaniyalı aktrisa Vanessa Kirbi alıb. O, əsas müsabiqədə iştirak edən iki filmdə oynayıb – Mona Fastvoldun “Gələcək dünya” (“The World to come”) və Kornela Mundrutsonun “Qadının fraqmentləri” (“Pieces of a Woman”).

Ən yaxşı senariya görə Hindistan istehsalı olan “Şagird” (“The Disciple”) filmi mükafatlandırılıb. Gənc aktyorlar və aktrisaların təltif edildiyi Marçello Mastroyanni adına mükafata İranın “Günəşli uşaqlar” (“Khorshid”) adlı lentində rol alan gənc ifaçılar layiq görülüb.

Ən yaxşı debüt filmi portuqaliyalı əsilli rejissor Ana Roçi de Souzun mühacirlər haqqında çəkdiyi “Dinlə” (“Listen”) işi olub.

Qeyd edək ki, əsas müsabiqəyə daxil olan 18 film arasında azərbaycanlı rejissor Hilal Baydarovun “In Between Dying” (“Səpələnmiş ölümlər arasında”) filmi də olub.