“Vərəm olduqlarını ətrafdan gizlədirlər...”

verem-olduqlarini-etrafdan-gizledirler
Oxunma sayı: 2121

Bu gün Milli Məclisdə Səhiyyə Komitəsinin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmələr keçirilib.

“Qafqazinfo” xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, bu gün vərəm xəstəliyi qlobal patoloji problem kimi cəmiyyəti narahat edən xəstəlikdir: “BMT-nin son məlumatına görə planetimizdə yaşayan hər üç insandan biri vərəm çöplərinə yoluxur. Hər il 10 milyon yoluxur, eyni zamanda 2,5 milyon əhali bu xəstəlikdən dünyasını dəyişir. Bizdə vərəm əleyhinə dövlət səviyyəsində mübarizə aparılır. Bununla bağlı qanun da var. Həmin qanuna günün tələblərinə uyğun dəyişiklik edirik. Bundan əlavə bu xəstəliklə bağlı proqram da qəbul olunub. Proqramın müəyyən nəticələri də var”.

Deputat Sədaqət Vəliyeva  isə bildirib ki,  vərəm xəstəliyi   hava- damcı infeksiyasıdır: “Ən çox da elə hava-damcı  yolu ilə  insanlar yoluxmaqdadır. Əgər insan müalicə olunmursa ətrafdakı 10-15 adamı da yoluxdurur. 25-44 yaşında olan adamların 45 faizi bu yaşda vərəmə yoluxurlar. Çox adam bu xəstəliyi gizlədir. Bu gün 1993- cü illə müqayisədə 105 dəfə ölümlərin sayı azalıb”.

Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, ən vacib məsələlərdən biri rəsmi qeydiyyatı olmayan vərəm xəstələrin qeydiyyat alınma məsələsidir: “İnsanlar da fikirləşir ki, bunu ətraf adamlardan gizlətmək lazımdır. Bu özəlliklə kənd adamlarının xüsusiyyətləridir. Vətəndaş rəsmi qeydiyyatsız müalicəyə razı olanda elə həkimlərimiz var ki həmin xəstəni müalicə edirlər. Heç bir həkimə icazə verilməsin ki, rəsmi qeydiyyata salmadan müalicə etsinlər. Bu məsələ ilə bağlı mediada maarifləndirmə demək olar ki yox dərəcəsindədir. Sosial roliklər bu məsələdə ciddi maarifləndirmə tədbiridir. Bundan əlavə, həbsxanadan çıxan insanlar dərmanlar üçün 80 manat pul alırlar. Ancaq bildiyim qədər Fondun layihəsi bitmək üzrədir. Bitdikdən sonra məsələ necə tənzimləcək? O vəsaitin verilməsi məsələsini diqqətdə saxlamalıyıq”.

Günel Türksoy