“Vərəm xəstələrinin müalicəsini tamamilə dövlət hesabına həyata keçirilir”

verem-xestelerinin-mualicesini-tamamile-dovlet-hesabina-heyata-kecirilir
Oxunma sayı: 2706


“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı gənclər birliyinin üzvü Ramil Vəlibəyov məlumat verib.

R.Vəlibəyov dispanserin baş həkimi, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın ölkəmizdə vərəmlə mübarizə sahəsində görülən işlərlə bağlı fikirlərini qələmə alıb.

Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycanda vərəm xəstələrinə göstərilən diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər.

Vərəm əleyhinə dispanserin baş həkimi deyibki, bu gün ölkəmizdə fəaliyyət göstərən vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinə pulsuz dərmanlar paylanılır. Tibb bacıları ona nail olmağa çalışırlar ki, həmin xəstələr təyin edilən dərmanları elə yerindəcə qəbul etsinlər. Çünki xəstələr bəzi hallarda müalicədən yorulduqlarına görə və ya digər səbəblərdən dərmanları içməyə bilərlər. Ona görə də bu xəstələr tibb işçilərinin nəzarəti altında həmin dərmanları qəbul edirlər. Hətta uzaqdan gələn xəstələrə yol xərci də ödənilir.

Sədaqət Vəliyeva vurğulayıb ki, bu gün Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onun sözlərinə görə, xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir. Hazırda dünyada vərəmin dərmana davamlı formaları yaradılıb. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq aparılan müalicə zamanı dərmanların səmərəsi olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikrobların dərmana davamlı formaları meydana çıxır. Ona görə də Azərbaycanda bu gün dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və həmin sənəd müvəffəqiyyətlə reallaşdırılır. Bu cür xəstələrin müalicəsi üçün isə iki il vaxt və təqribən 50 min manat xərc tələb edilir. Söz yox ki, bu vəsaiti də Azərbaycan dövləti ödəyir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu gün respublikamızda vərəm əleyhinə mübarizə vərəm dispanserlərində aparılır. Eyni zamanda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir. Xəstələrdən toplanmış bəlğəm materialları həmin laboratoriyalarda yoxlanılır və aşkar edilən dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur. Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyyə və ya konservativ yolla aparılır. Bunun üçün isə xüsusi formalaşdırılmış 6 nömrəli vərəm əleyhinə dispanser yüksək səviyyədə təmir olunaraq, istifadəyə verilib.

4 nömrəli vərəm əleyhinə dispanserin baş həkimi deyib ki, ölkədə 2007-ci ildən bu günədək 1000-ə yaxın belə xəstə aşkarlanmış və onlar müalicəyə cəlb olunub. Onların arasında müalicəsini bitirənlər də var. Lakin Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya müayinələri davamlı olaraq həyata keçirir və prosesi nəzarətdə saxlayır.