Vergilər naziri sahibkarlarla görüşüb

vergiler-naziri-sahibkarlarla-gorusub
Oxunma sayı: 1225

Vergilər naziri Fazil Məmmədov bu gün İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb. Nazir qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf etməkdə olan bir ölkə kimi qəbul edilir. 

F.Məmmədov yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial vardır.

F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.

Görüşdə çıxış edən sahibkarlar və ictimiayyət nümayəndələri, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib. 

Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.