Vəsimə Qarayevanın seçiciləri ilə görüşləri başa çatıb - Fotolar

vesime-qarayevanin-secicileri-ile-gorusleri-basa-catib
Oxunma sayı: 1314

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Qarayeva Vəsimə İsmayıl qızının seçicilərlə görüşləri başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, o, seçicilərlə görüşlərinə yanvarın 23-də başlayıb. İlk gündə Qaragüvəndikli kəndi, Bəhramtəpə qəsəbəsi, Şahverdili, Göbəktala kəndləri üzrə seçicilərlə bu məqsəd üçün təyin olunmuş yerlərdə sıra ilə görüşlər olub. Yanvarın 24-də seçicilərlə görüşlər  rayonun Boşçallar kəndi, Sarıxanlı və Buludlu  kəndləri (bir yerdə), Cavadxanlı, Qaralar kəndlərində davam etdirilib.  Yanvarın 25-də görüşlər İmişli rayonundan bu Dairəyə aid olunmuş Bəcirvan və Ağcüyür,  Qaravəlili və Mirilər,  Məmmədli, Telişli, Əliyetməzli kəndləri, Allahmədətli qəsəbəsində davam edib, yanvarın 26-da  isə Muradxanlı, Əliqulular, Cəfərli,  Oruclu, Ağaməmmədli, Ağamalılar kəndlərində  yekunlaşıb.  Vəsimə  Qarayeva İmişli rayonundan 80 saylı Dairəyə aid  edilmiş bütün yaşayış məntəqələrinə baş çəkməyə, insanlarla bilavasitə təmasda olmağa çalışdığı hiss olunub.

Seçicilərlə görüşlər yanvarın 29-da Sarısu kəndi, Şərq qəsəbəsi, Türklər, Bünyadlı, Gödəklər  kəndlərində davam etdirildi. Şərq qəsəbəsində Şəhidlər Abidəsi ziyarət olunub. Yanvarın 30-da səfər marşrutunda  Qəhrəmanlı kəndi, Bahar qəsəbəsi, Dünyamalılar kəndi olub. Qəhrəmanlı kəndində  Şəhidlər Abidəsi ziyarət olunub. Daha sonra Dünyamalılarda Şəhidlər abidə kompleksi və Sovet İttifaqı Qəhrəmanı, bu yurdun igid oğlu Gəray Əsədovun abidəsi də ziyarət olundu, abidənin önünə gül dəstələri qoyulub.Yanvarın 31-də  Aşıqalılar, Əhmədli kəndlərinə  yollandılar. Bu iki kənddə keçirilən görüşlər yekun olub. Bununla da 80 saylı Dairənin Beyləqan qismi əhatə olunmuş sayıla bilər.

Seçicilərlə görüşlər İmişli kəndlərindəki görüşlərin üslubunda cərəyan edib. Söhbətlər tutur, səmimi dialoq şəraiti yaranıb. Qarayeva sözünü deyib, deyilənləri diqqətlə dinləyib,  sualları cavablandırıb. İmkan düşdükcə ilk növbədə şəhid ailələrinə baş çəkib, onlara mənəvi dəstək olub, yaşayış şəraitləri, bir problemlərinin olub-olmadığı ilə maraqlanıb.

Eyni problemlər bu kəndlərdə də qabardılırdı.  Deputatlığa namizədə sözünü deyən yerli insan – seçici – sadə vətəndaş öz şəxsi çətinliklərini deyil, onları düşündürən ümumi problemlər üzərində  dayanırdı. Bu isə o deməkdir ki, bu Dairədən seçilən deputatı ciddi sınaq gözləyir.  İnsanların etimadını doğrultmaq böyük zəhmət, ciddi  çalışma tələb edəcək.  

Seçicilərə təqdim olunan təbliğat və təşviqat materialları öz yerində,onlara hədiyyə olunan “Beyləqan” ensiklopedik toplusu  görüşə  gələnlərin gözündə böyük dəyərə malik idi. Onlar Vəsimə Qarayevanın  müəllif olduğu bu sanballı nəşrdən xəbərdardır.  Burada  Ulu Beyləqan var, onun ulu keçmişi və indisi var, onun namuslu, əməksevər, dəyərli insanları var. Ürəklərincə olan bu ərməğan onlarda  məmnunluq doğurur,  razılıqla qarşılanırdı, uşaqlıq illərindən bu  yerlərə bağlanmış və bu bağlılıqdan doğan əsərə görə  müəllifə sağ ol deyir, məhz ona səs verəcəklərini bildirirdilər.

Əlbəttə, Vətən ocağını sözdə sevmək ayrı, əməldə sevmək ayrı...

Müəllif – indi isə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Vəsimə Qarayevanın insanların bu xoş münasibətindən, onun intellektual zəhmətinə bu dərəcədə yüksək  dəyər vermələrindən,  9 Fevral  seçkilərində ona etimad göstərəcəklərini bildirmələrindən duyğulanmış kimi görünürdü...