Vətən müharibəsi qazilərinin Nabranda istirahəti təşkil edildi - Fotolar

Vətən müharibəsi qazilərinin Nabranda istirahəti təşkil edildi
Oxunma sayı: 1616

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteranın Xaçmaz rayonunun Nabran kəndində istirahətləri təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarında Vətən müharibəsi qazisi və veteranları xüsusi avtobuslarla Xaçmaz rayonuna yola salınıblar.

İstirahət müddətində veteran və qazilərimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcək, həmçinin 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Nabrandakı “Orman” ailəvi istirahət mərkəzində istirahət edəcək Vətən müharibəsi qazilərinin və veteranlarının istirahətlərinin səmərəli keçirmələri üçün müxtəlif oyun və yarışların təşkili planlaşdırılıb.

Tədbir çərçivəsində 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazilərinin və veteranlarının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub.