“Vətən müharibəsində Azərbaycan jurnalistləri böyük fədakarlıq göstərib”

“Vətən müharibəsində Azərbaycan jurnalistləri böyük fədakarlıq göstərib”
Oxunma sayı: 500

Bu gün Yeni Azərbaycan Partiyasında 22 iyul- Milli Mətbuat günü münasibətilə tədbir keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Tahir Budaqov bayram münasibətilə jurnalistləri təbrik edib.

O bildirib ki, "Əkinçi" qəzetinin yaranmasından bu günə kimi Azərbaycan mətbuatı zəngin yol keçib: "Qəzet xalqımızın maarifləndirilməsində və milli adət- ənənələrimizin təbliğ edilməsində böyük rol oynayıb. Sonrakı dövrdə bir sıra mətbu nəşrlər "Əkinçi" qəzetinin ənənələrini davam etdirib. Qeyd edim ki, Sovet dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxlaya bilmişdir. Azərbaycan jurnalistikası əsl intibah dövrünü milli müstəqillik əldə etdikdən sonra yaşayıb. Bu gün ölkədə media subyektlərinin sayı 5000-i ötüb. Ölkədə milli mətbuatın inkişafına hər zaman diqqət göstərilib. Mətbuat ictimai subyekt kimi ölkənin həyatında mühüm rol oynayır və onun inkişafına dövlət tərəfindən hər zaman diqqət göstərilib. Bu gün KİV-lərə maliyyə yardımı göstərilir. Media nümayəndələrinin sosial həyatıyla bağlı tədbirlər görülür və onlara yüksək dövlət mükafatları təqdim edilir. Hesab edirəm ki, MEDİA agentliyinin yaranması mətbuatın tərəqqisinə daha da yol açacaq. 

44 günlük Vətən müharibəsində də Azərbaycan jurnalistləri böyük fədakarlıq göstərib. Onlar ölkədə baş verən proseslərin dünyaya çatdırılmasında,  erməni vandalizminin işıqlandırılmasında çox böyük işlər görüblər. Hər birinizi bir daha Milli Mətbuat günü münasibətilə təbrik edirəm".

T. Budaqov həmçinin bu günlərdə partiyanın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasıyla birgə keçirdiyi görüşdən də söz açıb. O bildirib ki, həmin səfərin davamı olaraq iyunun 25-də Ədalət və İnkişaf Partiyasının 25 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək: "Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq münasibətlərinə toxunulacaq. Daha sonra iyunun 28-də Gəncə şəhərində AK partiyası ilə birgə böyük bir konfrans keçiriləcək. Həmin konfransda Şuşa bəyannaməsinin detalları da müzakirə ediləcək". 

Günel Türksoy