“Vətən müharibəsindən sonra bəzi qüvvələr müxtəlif təxribatlara əl atırlar”

veten-muharibesinden-sonra-bezi-quvveler-muxtelif-texribatlara-el-atirlar
Oxunma sayı: 3245

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində  respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində deyib. 

“Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyil.

Son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”, - general-polkovnik deyib.

Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik R. Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.