Vətən müharibəsindən sonra yaradılan Ordu birliyinin ildönümü qeyd edildi - Fotolar

veten-muharibesinden-sonra-yaradilan-ordu-birliyinin-ildonumu-qeyd-edildi
Oxunma sayı: 2124

Vətən müharibəsindən sonra yaradılan Ordu birliyinin ildönümü qeyd edilib.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov şəxsi heyəti salamlayaraq deyib:

“Bu gün Azərbaycan Ordusunun həyatında daha bir əlamətdar hadisənin şahidiyik. Bir il əvvəl müdafiə nazirinin müvafiq əmri ilə yaradılan Ordu birliyinin ildönümünü qeyd edirik. Ötən il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunan bu Ordu birliyində həyata keçirilən məqsədyönlü tədbirlər, zabit və gizirlərin öz xidməti vəzifələrini böyük həvəslə yerinə yetirməsi, əsgərlərimizin içdikləri Hərbi Anda sadiqliyi, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq xidmətin düzgün təşkili deməyə imkan verir ki, bu Ordu birliyi də, heç şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusunun lider hərbi hissələrindən birinə çevriləcək”.

Sonra general-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

“Sizin sıralarınızda böyük döyüş təcrübəsinə malik yüzlərlə müharibə iştirakçısı vardır. Onlar respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəallıq göstəriblər.

İnanıram ki, siz göstərilən etimadı doğruldaraq bu qəhrəmanlıq və şücaət nümunələrindən bəhrələnəcək, şanlı döyüş tariximizə yeni parlaq səhifələr yazacaqsınız.

Hərbi hissənin yaradılmasının birinci ildönümü münasibətilə sizi təbrik edərək hər birinizə şəxsi həyatınızda və xidmətlərinizdə uğurlar arzulayıram!”, - deyə məktubda qeyd edilib.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Ordu birliyi komandirinin əmri oxunub və mükafatlar təqdim edilib.