Vətən Müharibəsinin altı şəhidi... - Fotolar

veten-muharibesinin-alti-sehidi
Oxunma sayı: 2065

Bu gün Vətən Müharibəsinin şəhidlərindən altısının şəhadətə qovuşduğu gündür.

“Qafqazinfo” xəbər verir ki, qəhrəman şəhidlərimizin sakini olduğu Biləsuvar rayonunda anım mərasimləri keçirilib.

Babayev Elməddin Cəfərqulu oğlu və Məmmədzadə Kamran Füzuli oğlu rayonun Çaylı kəndindəndir. Biri 24 yaşında, digəri isə 38 yaşında bənzər taleləri ilə Vətən Müharibəsinin tankçı şəhid qəhrəmanlarına çevriliblər.

Elməddin peşəkar hərbçi kimi orduda 15 il Vətənə xidmət göstərib. Vətən Müharibəsinin ilk günündən onun komandiri olduğu tank bölməsi düşmənin illərdir yaratdığı keçilməz sədləri darmadağın edərək Tərtərdən Suqovuşana qədər şərəfli döyüş yolu keçib.

İki qardaşı hərbçi və müharibə iştirakçısı olan E.Babayev ailəli idi, üç övladı var. Döyüşlərdə göstərdiyi şücaətlərinə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”, Kamran Məmmədzadə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Vətənpərvərliyi, qorxmazlığı ilə seçilən müddətdən artıq hərbi qulluqçu Kamran Məmmədzadə həqiqi hərbi xidmətindən sonra tank komandirliyi kursunu müvəffəqiyyətlə bitirib. Tankçı qəhrəman Füzuli və Cəbrayıl istiqamətində döyüşüb. Kamranın özündən kiçik qardaşı Maqsud Vətən Müharibəsi iştirakçısıdır. Kamran Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Xosizadə Müşfiq Zakir oğlu 1994-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulub. Azərbaycan Silahlı Qüvvələrinin giziri Müşfiq Xosizadə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Astanlı İqbal İlqar oğlu 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. İdmançı olan şəhidimiz Respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olub, müxtəlif medallarla təltif edilib. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Biləsuvar rayonunun savadlı, aktiv gənclərindən olub, Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İqbal Astanlı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı şəhid olub. Kəşfiyyatçı şəhid “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Eynullayev Rövşən Elşən oğlu 2000-ci il təvəllüdlüdür. Rayonunun Nərimankənd kəndində anadan olub. Həqiqi hərbi xidmət qulluqçusu R.Eynullayev Vətən Müharibəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə”a medalları ilə təltif edilib.

Quluzadə Məhəmməd Cəlal oğlu 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlib. O, həqiqi hərbi xidmət keçib, 2020-ci ildə yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.

M.Quluzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda  başlayan Vətən Müharibəsində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Surxay Şahbazov