“Anam Nəzakət Ələsgər qızı Nəcəfova 2006-cı ildə zəhərli zobdan əməliyyat olunub. Həmin ildə də Şəki rayonunda müayinədən keçib, ona ikinci qrup əlillik təyinatı verilib. Amma bir aydır ki, anama verilən əlillik heç bir səbəb göstərmədən kəsilib”.
Bu iddia ilə “Qafqazinfo”ya Şəki sakini Ramil Nəcəfov müraciət edib. O, bildirib ki, 62 yaşlı anasının səhhəti hələ də yaxşı deyil və əlilliyə görə təyin olunan pensiya onun müalicəsinə sərf olunur: “Bakıda kirayədə qalırıq, çox çətinliklə dolanırıq. Anamın ikinci qrup əlilliyə görə aldığı pensiyanın çox köməyi olurdu, dərmanlarını onunla alırdıq. Maraqlandım, dedilər ikinci qrup əlillik təyin olunan şəxslərin bir neçəsinin pensiyasını kəsiblər. Nazirliyə müraciət elədim, təsdiqlədilər, amma səbəbini demədilər. Əməliyyat olunan vaxtdan yol gedə bilmir. Metrodan, avtobusdan istifadə edə bilmir. 100 metrlik yolu da ürək döyüntüsü çox olduğuna görə taksi ilə getməli olur. İstəyirik ki, pensiyası bərpa olunsun”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məsələ ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, Nəcəfova Nəzakət Ələsgər qızına sonuncu dəfə 21.01.2016-19.01.2021 tarixlərində 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilib. Vətəndaşın əlillik müddəti bu il yanvar ayının 19-da başa çatıb və o, həmin müddətdən sonra əlilliyin qiymətləndirilməsi üçün rəsmi qaydada müraciət etməyib: “Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Vətəndaş əlillik təyinatı üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinika və ya xəstəxana) müraciət etməlidir, burada şəxsin (laborator, diaqnostik, instrumental müayinələrinin nəticələri, stasionar və ambulator müalicə məlumatları, ixtisaslaşmış həkim müayinəsi və s) haqqında göndəriş (forma 88) tərtib olunub, rəsmiləşdirilərək Əlillik Altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsin və əlilliyi qiymətləndiriləcək şəxslərin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır”.
Agentlikdən həmçinin bildirilib ki, TSEK tərəfindən vətəndaşın iştirakı olmadan məhz forma 88-də qeyd edilən məlumatlara əsasən əlilliyin qiymətləndirilməsi barədə qərar verilir.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər