“Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı” adlı ölkə hesabatının təqdimatı keçirilib

vetendas-cemiyyeti-teskilatlari-olcu-meyari-adli-olke-hesabatinin-teqdimati-kecirilib
Oxunma sayı: 700

Dünən “Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı” adlı ölkə hesabatının təqdimatı keçirilib. Bu hesabat Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində qanunvericilik və təcrübə üzrə vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) 11 sahə, 30 standart və 161 göstərici əsasında vəziyyətini təhlil edərək dəyərləndirir və inkişaf üçün zəruri tövsiyələri özündə əks etdirir.

Azərbaycan üzrə hesabatı təqdim edən QHT qanunvericiliyi üzrə ekspert və MG Consulting MMC-nin direktoru Məhəmməd Quluzadə bildirib ki, müvafiq hesabat birləşmə azadlığı, bərabər rəftar, maliyyəyə çıxış, dinc toplaşmaq azadlığı, qərarların qəbulunda iştirak hüququ, ifadə azadlığı, şəxsi toxunulmazlıq hüququ, dövlətin qorumaq öhdəliyi, dövlət dəstəyi, dövlət-VCT əməkdaşlığı və rəqəmsal hüquqlar kimi sahələrdə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək olan müddət üzrə Azərbaycanda VCT mühitinin ətraflı dəyərləndirilməsini əks etdirir, həmçinin, mövcud problemlər, onların aradan qaldırılması yolları göstərilməklə yanaşı, hesabat dövründə əldə edilmiş nailiyyətləri işıqlandırır.

Hesabat dövründə ölkədə müsbət inkişaf kimi yerli donorların sayının artması, QHT Agentliyinin yaradılması, dövlət fondlarına edilən ianələrin səkkiz il müddətinə vergidən azad edilməsi, Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının qəbulu, Ədliyyə Nazirliyi tərəfindən “Fərdi elektron pəncərə” sisteminin tətbiqi, ictimai şuraların sayının artması, QHT-lərə qarşı cərimələrin tətbiq edilməməsi və eyni zamanda yerli ekspertlər tərəfindən QHT qanunvericiliyinə dair təkliflər paketlərinin hazırlanması qeyd edilib.

Hesabatda problemli məsələlər kimi VCT-lərin, qrant və ianələrin, xidmət müqavilələrinin qeydiyyatı proseduru, rayonlarda tədbirlərin keçirilməsi üçün icazələrin alınması və s. göstərilmiş, 11 sahə üzrə ümumilikdə 38 tövsiyə müəyyən edilmişdir. Hesabatda VCT-lərin hesabat öhdəliklərinin sadələşdirilməsi, regionlarda tədbirlərin keçirilməsinə icazə tələbinin ləğvi, qrant və ianələrin qeydiyyatının sadələşdirilməsi, xidmət müqavilələrinin qeydiyyata alınması tələbinin ləğv edilməsi və s. tövsiyələr yer almışdır.

Tədbirdə beynəlxalq təşkilatlar, yerli QHT-lər və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak etmişlər və fikir mübadiləsi aparmışlar. Avropa İttifaqının nümayəndəsi Victor Giner, QHT Agentliyinin Məşvərət Şurasının üzvləri Günel Səfərova, Zaur İbrahimli və İsrail İsgəndərov, QHT nümayəndələri Əliməmməd Nuriyev, Ələsgər Məmmədli, Samir Əliyev, Sabit Bağırov və digərləri hesabata dair öz fikirlərini bölüşüblər.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiz: https://csometer.info/countries/azerbaijan