Vətəndaş xidmətə deyil, xidmət vətəndaşa çatdırılır - Növbəti aksiya

vetendas-xidmete-deyil-xidmet-vetendasa-catdirilir
Oxunma sayı: 632

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətlənməsi ilə bağlı tədbirlərini davam etdirir.

Komitədən “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2 iyunda “Qəbələ konserv zavodu”nun işçiləri üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti belə çıxarış kampaniyası keçirilib.

Müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar. Kampaniya zamanı 100-ə yaxın zavod işçisinə çıxarışlar verilib. Bunlardan 60-ı pay torpağına, 25-i həyətyanı torpaq sahəsinə, 15-i isə fərdi yaşayış evlərinə aid olub.

Daşınmaz əmlaka dair çıxarışların verilməsi hüquqi, iqtisadi, sosial baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələn pay torpaqlarının qeydiyyatının aparılması gələcəkdə kəndlinin subsidiya almaq imkanını artırır. Bu isə aqrar sahənin inkişaf etdirilməsinə şərait yaradır. Eyni zamanda zavodda işləyən rayon əhalisinin işdən ayrılmadan çıxarış alması, onlarda qeydiyyatla bağlı əminliyin yaranması fəaliyyətin stimullaşdırılmasına, məşğulluğun artmasına töhvə verir.

Bundan başqa çıxarışın verilməsi həmin əmlak üzərində hüquqların dövlət tərəfindən tanınması deməkdir. Bu da vətəndaşlarda belə evləri almaqda hər hansı bir maneənin olmamasına əminlik yaradır. Sənədli və dövlət qeydiyyatından keçmiş əmlaklar bu bazarda aktivliyə, əmlakla bağlı hüquqi əməliyyatların çoxalmasına səbəb olur.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri,  həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.