Vətəndaşın əmək pensiyası niyə 2 ildir kəsilib?

Vətəndaşın əmək pensiyası niyə 2 ildir kəsilib?
Oxunma sayı: 2894

Sabirabad rayon sakini Hüseynov Vilayət Möhsüm oğlu ona təyin edilən əmək pensiyasının dayandırılmasından narazıdır. 

Bu barədə “Qafqazinfo”ya onun oğlu Elbrus Hüseynov müraciət edib. Onun sözlərinə görə, atası uzun illər dənizdə ağır sənaye sahəsində işləyib: “11 ildir ki, pensiya alırdı. 2020-ci ilin aprel ayından atama əmək pensiyasının verilməsi dayandırılıb. Sonuncu dəfə 1395 manat məbləğində pensiya alıb. Pensiyası kəsiləndə atamı Korrupsiya İdarəsindən zəng edib çağırdılar. Getdik və dedilər ki, sizlik məsələ yoxdur, ancaq pensiya təminatında şübhəli məqamlar var, onları araşdırmalıyıq. Pensiyanı təyin edən şəxs hansısa səhvlərə yol verib. Elə Korrupsiya İdarəsindən zəng edəndə atamın səhhəti pisləşdi, onu infarkt vurdu. Ailəliyəm və 4 övladımla bərabər atamın himayəsində yaşayıram. Biz onun aldığı pensiya ilə dolanırıq. Aidiyyəti qurumlardan bu məsələnin araşdırılıb sona çatmasını və atamın pensiya təminatının bərpa edilməsini gözləyirik”.

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunu 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır: "Sabirabad rayon sakini Hüseynov Vilayət Möhsüm oğluna vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən qanunazidd faktlar aşkar edilib. Həmin faktlara hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd olunan faktlarla bağlı aidiyyəti orqanın yekun qərarı ilə bağlı məlumatlar daxil olduqdan sonra Vilayət Hüseynovun pensiya ödənişinin bərpa edilib-edilməməsi məsələsinə baxılacaq. Qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə vətəndaşın pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcək”.

Günel Türksoy