Vətəndən getməmək üçün...

vetenden-getmemek-ucun
Oxunma sayı: 6719

Nərmin Dadaşova

Aranı-Turanı gəzsən vətənini mənim qədər sevən başqa birinə rast gəlmərsən, oxucu dost. Mən Azərbaycanı heç bir söz, heç bir söz birləşməsi, heç bir cümlə ilə ifadə edə bilməyəcək qədər çox sevirəm. Yəqin üzbəüz oturmuş olsaydıq, “bəs niyə bu qədər deyinirsən, niyə narazısan” sualını verəcəkdin mənə. Mən ona görə narazı-narazı yazıram ki, o gözəlim ölkədən, o gözəlim vətəndən, o müdhiş torpaqdan qopmaq, başımı götürüb qaçmaq istəmirəm. Hər şey yaxşı olsun, yurdum insanı rahat yaşasın, gülümsəsin istəyirəm.

Fikir verirsənmi, oxucu dost, canımızı boğazımıza yığan problemlər adətən ən kiçik olanlardır. Toz dənəcikləri kimi boğazımıza yapışıb öskürdürlər bizi. Biz nə edirik? Yapışırıq ağ ciyərimizin yaxasından ki, işləmirsən, bacarmırsan! Halbuki, onun bir günahı yox, günah elə bizim özümüzdədir, çünki o toz dənəciklərini havaya uçuran başqaları deyil, bizik. Hərəmiz öz boynumuza düşəni etsək halbuki, su çiləsək torpaqlı yollara, necə gözəl, necə rahat olardı yaşamaq. Səninlə bir ölkədə yaşamaq, soydaş, yurddaş olmaq, eyni dili, eyni dini, eyni havanı bölüşmək bilirsənmi necə xoşdur?

On səkkiz gündür ki, vətəndən uzaqdayam. Gəldiyim gündən bəri tanımadığım küçələrdə, tanımadığım insanların arasında heç bir xaxol balasından bir kəlmə söz soruşmadan şəhərin altından girib üstündən çıxıram. Rahatlıqla getmək istədiyim yeri tapa bilirəm. Heç bir yerə gecikmədən, həyəcansız, əsəbsiz, stressiz mənzil başına çata bilirəm. Bilirsən niyə? Çünki, adamlar çox sadə bir işi dəqiq yerinə yetiriblər. Küçələrin adını dəqiqliklə elektron xəritələrə qeyd edibər. Avtobuslarının, metrolarının məlum bir hərəkət qrafiki var. İl olub 2018, ölkəömizdə saysız hesabsız dünyəvi müsabiqələr, yarışmalar keçirilir, şəhərdə gəzən 5 nəfərdən üçü turistdir, di gəl, “google map”də Biləcəri yazıb yola düşsən özünü Lökbatanda tapırsan.

Ölkənin ən çox “təcili yardım” xidmətindən istifadə edən vətəndaşı kimi ayda bir neçə dəfə qonağım olan “Migren” ağrılarıma auralı olduğu üçün hər dəfə təşəkkür edirəm. İlk əlamətlər peyda olar-olmaz 103-lə əlaqə saxlayıb “durun yavaş-yavaş gəlin” deyirəm. Bir qəfil tutsaydı o dəhşətli ağrılar, necə dözərdim, təcili gələ bilməyən yardımı gözləyənə qədər, bilmirəm. Bizim evdə, qapının kandarında bir cüt idman ayaqqabısı durur həmişə.Başımın ağrısı tutar-tutmaz həyat yoldaşım ayaqqabıları ayağına keçirib təcili yardımın arxasıyca qaçır fit çala-çala. Niyə? Çünki ünvanı bilmirlər, naviqatorları Yeni Yasamalda onları dörd döndərir. İlin günün bu elektron çağında “Musanın dükanından sağa dön” prinsipi ilə də işmi görürlər, əzizmən? Az qurbanlar vermədik biz bu yollara, bu təcili yardımlara, halbuki necə balaca bir məsələ dayanır problemin kökündə...

Vətən təkcə ona şeir yazmaq, mahnı bəstələmək üçün deyil. Vətən sevmək üçün, uğrunda edə biləcəyin hər şeyi etmək üçün, Vətən yaşamaq üçündür. Mən ömrümün sonuna qədər bu doğma yerdə, doğma adamların arasında yaşamaq istəyirəm. Bu, balaca görünsə də sonu faciələrə aparıb çıxara biləcək qədər böyük olan problemlərin qarşısını almasaq, boğazımızı qıcıqlandıran toz dənəciklərinin üstünə bir-iki qurtum su sərpməsək bizə yaşamaq asan olmayacaq, dostlar. 

Sağlıqla qalın...