Vətəni vətənə birləşdirirdi...

veteni-vetene-birlesdirirdi
Oxunma sayı: 2553

Avqustun 30-da azərbaycanlı şair, publisist Şahmar Əkbərzadənin anım günü idi.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan ədəbiyyatında, publisistikasında, poeziyasında öz xüsusi yeri olan Şahmar Ələkbərzadənin yaradıcılığının əsas hissəsində vətən həsrəti yer tuturdu.

Ağdamda anadan olan və doğma yurdunun azad olunmasını görmədən 2000-ci ilin avqustunda dünyadan köçən şairin bu mövzuda yazdığı təsirli şeirlərdən biri də “Dağdağan”dır.

Bu məqamda şairi anmaq məqsədilə həmin şeiri oxucularla bölüşürük:

Sərhəd kənarında bitən dağdağan
Məndən məğrur idi, məndən qürurlu.
Çarpaz budağında iki sağsağan
Sevinə-sevinə yuva qururdu.

Xəbər daşıyırdı quşlar, xoş xəbər,
Hicran qovrulurdu bu hay-haraydan.
Çör-çöplər yuvada öpüşürdülər.
Biri o taydandı, biri bu taydan.

Sərhəd kənarında cavan yaşımda
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni vətənə birləşdirirdi.