Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, namizədlərin platformaları ilə yanaşı özləri ilə bağlı məlumatlar da seçicilərin marağındadır. Seçicilər onları parlamentdə təmsil edəcək namizədi şəxsən tanımaq, onu şəxsi keyfiyyətlərinə görə də qiymətləndirmək istəyirlər.
Elə isə, növbədənkənar Parlament Seçkilərinə 19 saylı Nərimanov rayon seçki dairəsindən namizədliyini irəli sürən Kənan Məmmədovu yaxından tanıyaq.
"Qafqazinfo"nun məlumatına görə, gənc namizəd Kənan Məmmədovun ailəsi 1988-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalı Qafan şəhərindən deportasiya olunub, özü dünyaya gəlməzdən əvvəl ailəsi yurdundan didərgin düşüb:
“Ailəm deportasiya olunduqdan sonra Bakının Nərimanov rayonunda məskunlaşıb. Mən də həmin rayonda, 1989-cu ildə müəllim ailəsində dünyaya gəlmişəm. İlk təhsil ocağım, Nərimanov rayonu 177 saylı orta məktəbdən 2006-cı ildə məzun olmuşam. Elə həmin il Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşam. 2010-2011-ci illərdə hərbi xidmətimi yerinə yetirib, 2012-2015-ci illlərdə İqtisad Universitetində magistr dərəcəsini almışam. Hərbi xidmətdən qayıtdıqdan bir neçə ay sonra təhsilimlə yanaşı, maliyyə sektorunda çalışmağa başlamışam. Hazırda da karyeramı maliyyə sektorunda davam etdirirəm. Azərbaycanın nüfuzlu banklarının birində Beynəlxalq əlaqələr şöbəsinin müdiriyəm. Əsas ixtisaslaşmam investisiya və maliyyə analitikası sahəsindədir”.

Kənan Məmmədov bildirir ki, uşaqlıq illəri Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin şiddətli vaxtlarına təsadüf edib və ailəsi onu əsl vətənpərvər kimi tərbiyə edib:
“Mühəribə hər bir Azərbaycan ailəsi kimi bizim ailəyə də təsir edib, mən hələ uşaqkən vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mənim doğmalarım iştirak edib. Əmim Malik Məmmədov Füzulidə gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş, 1994-cü ildə Yanvarın 13-də Aşağı Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşdə 12 erməni silahlısını və 2 snayperini təkbaşına məhv edərək şəhid olub. Nərimanov rayonundakı Malik Məmmədov küçəsinə şəhid əmimin adı verilib. Eyni zamanda Məmmədovlar nəslindən Zəngilan və Ağdam uğrunda gedən döyüşlərdə fəal iştirak edən iki əmim isə müharibə veteranıdır. Ailəmiz ən çətin vaxtlarda daim Vətənin yanında olub. Biz vətənə sevgi ilə böyümüşük. Ona görə də vətənimin adını qorumaq, ucaltmaq üçün çalışıram. Hər bir vətəndaşımıza qəlbən bağlıyam və Azərbaycan xalqının rifahı yolunda xidmətlərim olarsa, özüm üçün bunu böyük səadət sayaram”.

Kənan Məmmədov bildirir ki, maliyyə sektorunda çalışsa da, daim sosial layihələrin təşkilində və icrasında yaxından iştirak edib:
Qeyd etmək istərdim ki, bir zamanlar rayonumuzda olan Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin qarmon sinifini bitirmişəm.Məktəb illərində UNICEF-Xəzər Gənclər təşkilatının üzvü olmuşam. Maliyyəçi olsam da, sosial problemlərə daim həssas yanaşıram. Məsələn, ötən il görmə məhdudiyyətli uşaqların da iştirak etdiyi “Yüksəl, ey Azərbaycan” layihəsini həyata keçirmişik. 27 May 2019-cu il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihədə uşaq və gənclərin ifalarından ibarət 12 mahnının cəmləndiyi Xor Musiqi Albomu işıq üzü görüb. Uşaqların layihədə həvəs və inamla iştirak etmələri bizi çox sevindirdi. Bu, Azərbaycanda görmə məhdudiyyətli uşaqların da iştirak etdiyi ilk xor albomudur. Layihənin himni “Yüksəl, ey Azərbaycan” adlanır”.

Kənan Məmmədovun asudə vaxtını necə dəyərləndirdiyini də xəbər aldıq. O, bildirdi ki, bu vaxtı faydalı keçirməyə daim önəm verir:
“Maliyyəçi olduğum üçün dünyada gedən iqtisadi prosesləri və yenilikləri işdənkənar saatlarda da izləməyə həvəsliyəm. İşdən sonra demək olar ki, hər gün Dünya Fond Birjasını, maliyyə xəbərlərini izləyirəm. İnvestisiya bazarına təsir edəcək amilləri analiz edirəm. İş çox dəqiqlik və diqqət tələb etdiyi üçün asudə vaxtım çox qalmır. Vaxtımın geri qalan hissəsini ailəmlə, övladlarımla birgə keçirməyə üstünlük verirəm”.
.jpg)
Sonda Kənan bəy yenidən öz karyerasından xəbər verir:
“Təcrübə ilə yanaşı nəzəri biliklər də mənim üçün önəmlidir. Buna görə də daima öyrənməyə çalışıram. Bir neçə xarici universitetlər tərəfindən təşkil olunan qısa müddətli kurslarda iştirak etmişəm. Maliyyə İnvestisiyası sahəsində CFA üzrə 2-ci dərəcə namizədəm. 1-ci dərəcəni ötən il almışam. İndi isə 2-ci dərəcə üçün hazırlaşıram. Seçkiqabağı təşviqat kampaniyasını uğurla nəticələndirdikdən və nəticələr açıqlandıqdan sonra iş həyatı ilə paralel təhsilimə qaldığım yerdən davam etməyi düşünürəm”.
Qeyd edək ki, Kənan Məmmədov platformasına dövlət ali təhsil müəssisələrində təhsil haqqlarının əlçatan olması, müəllim və həkimlər üçün pensiya yaşının endirilməsi, orta yaşdan yuxarı insanların məşğulluğunun artırılması, uşaq pulularının bərpası kimi məsələləri də daxil edib.