Veteran futbolçu “Qarabağ”ın rəqibini tənqid etdi

veteran-futbolcu-qarabagin-reqibini-tenqid-etdi
Oxunma sayı: 646

Keçmiş yarımmüdafiəçi, Danimarka millisinin sabiq baş məşqçisi Stiq Teftinq "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan "Kopenhagen" klubunun baş məşqçisi Steyl Solbakkeni tənqid edib. “Qafqazinfo” xəbər verir ki, veteran futbolçu "Brondbü" ilə matçdan sonra "Kopenhagen"in oyununu təhlil edib. 

O, paytaxt təmsilçisinin yeni mövsümə hazır olmadığını dilə gətirib:  "Düşünmək olardı ki, son çempion, ölkəmizi Çempionlar Liqasında təmsil edən komanda "Brondbü"nu mütləq məğlub edəcək. Amma belə olmadı. Fikrimcə, "Kopenhagen" fiziki cəhətdən zəifdir. Onlar 90 dəqiqə mübarizə aparmağa hazır deyillər. "Brondbü" qələbəyə layiq idi". 

Veteran futbolçu "Kopenhagen"in ötən mövsümə nisbətən zəiflədiyini vurğulayıb: "Yeni qurulan "Kopenhagen" mənim ürəyimcə deyil. "Kopenhagen" ötənilki səviyyəsindən çox uzaqdır. Mən indiki durum barədə danışıram və vəziyyətin yaxşı olmadığını fikirləşirəm. Ancaq mənim haqlı olub-olmadığını gələcək oyunlar göstərəcək". 

Teftinq paytaxt klubunda məşqçi işinin zəif olduğunu bildirib: "Nəinki "Kopenhagen"in oyunu, komandanın baş məşqçisinin gördüyü işlər çox zəifdir. Əgər komanda növbəti oyunlarda zəif çıxış etsə, baş məşqçi buna cavab verməlidir".