Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən Məhəmməd Vəliyevlə Cavan Əhmədovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahid Ayaz Əmirov deyib ki, 2006-cı ildə tanışı Şirxan Əhmədovun adına 2 sot torpaq alıb:
"Mən müharibə iştirakçısı deyiləm. Torpaq almaq istəyirdim, makler məni Cavan Əhmədovun yanına apardı. O da mənə yox, başqa şəhid ailəsi adına torpaq verə biləcəyini dedi. Şirxan mənə etibarnamə verdi, mən də sonra torpağı öz adıma keçirtdim. Pulu da Cavana verdim".
Şirxan Əhmədov da ifadəsində sənədlərini A. Əmirova verdiyini, lakin sonradan nə olduğunu bilmədiyini deyib.
Proses mayın 7-də davam etdiriləcək. Təqsirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan-Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamaqda ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpaq adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər