“Vəzirov utanmadan qaçdı və ardında qalaq-qalaq cəsəd qoydu”

“Vəzirov utanmadan qaçdı və ardında qalaq-qalaq cəsəd qoydu”
Oxunma sayı: 1804

Rusiyada yaşayan tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun mayın 26-da 90 yaşı tamam olmuş Əbdürrəhman Vəzirovu sosial şəbəkə hesabında təbrik etməsi müzakirələrə səbəb olub.

Kinorejissor Ayaz Salayev “Qafqazinfo”ya açıqlama verərək həmkarının təbrikinə sərt reaksiya verib. O qeyd edib ki, mayın 27-də, Respublika Günü ərəfəsində təsadüfən Rüstəm İbrahimbəyovun sosial şəbəkələrdə yaydığı növbəti “uzaqdan mesajına” rast gəlib: “O, nəinki 102 il əvvəlin böyük hadisəsinə, hətta müstəqil Azərbaycanın Qızıl Ordu tərəfindən işğalının yüzilliyi kimi faciəli yubileyə də həsr olunmamışdı. Görünür, müəllif üçün başqa bir yubiley, başqa bir tarix – adı 2020-ci ildə başqa bir kədərli yubileylə - Bakıya qoşunların daxil olmasının və şəhər küçələrində sovet ordusu tərəfindən törədilmiş qanlı kabusun otuz illiyi ilə bağlı olan bir adamın, Əbdürrəhman Vəzirovun doxsan illiyi daha önəmli olmuşdu. Yaltaq ətrafının hələ də “millətin vicdanı və şərəfi” adlandırdığı bir insanın yazdığı bu mətni oxuyaraq növbəti dəfə onda həmin şərəf və vicdan haqqında elementar təsəvvürlərin tamamilə olmamasına təəccüb edirsən. 1988 – 1990 –cı illərdə Azərbaycanın Kommunist Partiyası MK-nın birinci katibi olan Vəzirov İbrahimbəyovun mətnində “əziz Rəhman Xəliloviç”, dürüst və vicdanlı patriot (vətənpərvər) adlandırılır - üstəlik, "milli (!) elitanın (!!!) ən parlaq nümayəndələrindən biri" kimi təsvir edilir. O dövrdə yaşayan bütün qalan azərbaycanlıların, diqqət edin, bir də vurğulayıram: Bütün qalan azərbaycanlıların yaddaşında isə “əziz Rəhman Xəliloviç” fərqli bir insan olaraq qalıb. 

Qarabağın taleyi, məhz onda, Sovet İttifaqının dağılması ərəfəsində həll edilirdi. Və həmin günlərdə bizim hamımız tarixin bizə bütün mümkün rəhbərlərdən ən pisini göndərdiyinə görə hansı hissləri keçirmişdik - əvvəl peşmançılıq, sonra isə qəzəb və hiddət. Tariximizin, milli kimliyimizin bizim üçün ən vacib olduğu günlərdə respublikanın başına öz ana dilində heç danışa bilməyən, Azərbaycan nitqini lətifələr üçün səbəbə çevirən bir adam keçmişdi. Üçüncü tərəfin simpatiyasının (rəğbətinin) heç də azərbaycanlıların tərəfində olmadığına görə biz, məhz Vəzirova, onun qərarsız davranışına, komik mimikasına, Qorbaçov qarşısında yaltaq duruşuna borcluyuq. Sovet imperiyasının tezliklə məhv olacağına əmin olmayan kimsə qalmamışdı – Vəzirov isə inadla Sovet İttifaqından yapışmağa davam edirdi. 

Qanlı etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı öz ata-baba yurdlarından vəhşicəsinə qovuldu - Vəzirov isə bizi ermənilərin qayıtması münasibətilə təbrik edirdi. Vəzirov Ermənistandan qovulmuş azərbaycanlıların say rəqəmlərini aşağı göstərməyi əmr edirdi. Vəzirov doğma yurdlarından didərgin salınmış həmvətənlərimizin Qarabağda məskunlaşmasına imkan vermədi və bununla da onların taleyini müəyyənləşdirdi. Və nəhayət, Vəzirov hakimiyyət və nüfuzunu tamamilə itirərək qorxaqcasına tankları irəli buraxdı, utanmadan qaçdı və öz ardında Bakı küçələrində qalaq-qalaq cəsəd qoydu. Mən burada yeni heç nə kəşf etməmişəm. Bütün bunlar hər bir uşağa da məlumdur, bunu məktəbdə tarix dərslərində keçirlər. 

Bu, yalnız Vəzirovun özünə məlum deyil, sonrakı müsahibələrindən və ictimaiyyətdəki çıxışlarından göründüyü kimi, o, heç bir peşmançılıq hissi keçirmir və çox güman ki, doxsan illik yubileyini ləyaqətli və xoşbəxt yaşadığını düşünərək qeyd edir. 

Özünə hörmət edən heç bir azərbaycanlının eyni masa arxasında oturmaq istəməyəcəyi insan ancaq bir həmyerlimizdə onunla qədəhləri toqquşdurmaq (dəfələrlə edildiyi kimi) arzusunu doğurur. Düşünürsünüz ki, özünü “çoxmərtəbəli gizli siyasətin incəliklərindən uzaq insan” adlandıran Rüstəm İbrahimbəyov bütün burada yazılanları bilmir? Çox gözəl bilir. Sadəcə, bütün bunların onun üçün heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, onun anlaşılmazlıq üzrə mənsub olduğu milləti alçaltmaqdan xoşu gəlir. O, Azərbaycanda yazdığı ssenarilərinin əksəriyyətində bunu edib, kosmonavtların sevdiyi “Səhranın bəyaz günəşi” filmində isə bu aşağılamanı bütün müsəlman Şərqinə şamil edib. Amma ona kölə kimi xidmət edənləri alçaltmaq onun daha çox xoşuna gəlir. “Qafqaz üçlüyü” filmi bu mənada atılan ilk sınaq daşı idi. Bu filmdən sonra o öz pərəstişkarlarını və tərəfdaşlarını itirmədi. Müdafiəçilər də qazandı. Sınamaq üçün daha bir daş atıldı. Düşünürəm ki, onun başçılıq etdiyi təşkilatın üzvləri bunu da “udacaqlar”. Beləliklə də o, lazım bildiyi kimlərəsə istədikləri kimi alçaldıla bilən azərbaycanlıların hələ olduğunu növbəti dəfə nümayiş etdirəcək”.

Qeyd edək ki, R. İbrahimbəyov təbrik mesajında bildirib ki, illər keçib və o əminliklə deyə bilər ki, harada işləməsindən asılı olmayaraq, Əbdürrəhman Vəzirovun səmimiliyi və dürüstlüyü indiyədək qalmaqdadır: “Bu gün də, milli elitamızın ən parlaq, ən əsası isə ən dürüst nümayəndələrindən birinin yubileyində mən öz fikrimdə qalıram və hər kəsə onun “Parterin ilk sıralarında” adlı avtobioqrafik kitabını oxumağı tövsiyə edirəm. Əminəm ki, onu yaxından tanımaq imkanı olmayan bir çox insan təbrikimə qoşulacaq. Əziz Rəhman Xəlil oğlu, ümid edirəm ki, karantin özünütəcrid blokadasını aşdıqdan sonra keçmişdəki kimi, yenə şərab qədəhlərimizi bir-birinə vuracağıq və Sizə illərdir davam edən dərin hörmətimin dəyişmədiyini deyə biləcəyəm”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi