“Vəziyyət olduqca qalmaqallıdır” - Korotçenko Paşinyandan danışdı

veziyyet-olduqca-qalmaqallidir
Oxunma sayı: 3619

 “Nikol Paşinyanın babası ilə bağlı qalmaqal və erməni Baş Nazirin Qaregin Njdenin müdafiə edilməsi fonunda gözlənilməz sükutu daha çox suallar doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, ekspert İqor Korotçenko Day.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, təəssüf ki, bu gün nəinki Böyük Vətən müharibəsinin tarixini yenidən yazmaq, həmçinin faşistlərlə yanaşı, onların həmkarlarını qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı mübarizə məsələsi daha aktualdır.

“Biz görürürk ki, nasizmin qəhrəmanlaşdırılması prosesi bu gün bir neçə ölkədə, o cümlədən Ermənistanda gedir. Bu proseslərin əsasında isə, hər şeydən əvvəl, həmin ölkələrdə milli elitanın maraqları ilə əlaqədardır”, - deyə Korotçenko əlavə edib.

Onun sözlərinə görə, bu yolla elita özünü reabilitasiya etməyə və kütlə tərəfindən tənqid edilən siyasətlərinə haqq qazandırmağa cəhd edir.

“Bu səbəbdən bu problem – nasist silahdaşların qəhrəmanlaşdırılması – bu gün həqiqətən mövcuddur və buna qarşı mübarizə aparmaq, Böyük Vətən və İkinci Dünya müharibəsinin tarixinin yenidən yazılması cəhdinin qarşısını almaq lazımdır. Çünki hər şey göz qabağındadır: antihitler koalisiyası, Hitler Almaniyası və Hitler Almaniyasına şəxsən kömək edənlər olub. Yaxşılıq və pislik olub ki, onlar arasındakı sərhəd də çox aydındır”, - deyə ekspert bildirib.

“Bu gün çox təəssüf ki, həmin sərhədlər silinir və bir sıra postsovet ölkələrində milli elita öz utancverici tarixi simvollarından onları milli qəhrəman kimi qələmə verməyə və bunu əsaslandırmağa çalışır”, - Korotçenko sözlərini davam etdirib.

O bildirib ki, sevindirici haldır ki, bu gün Rusiya və Azərbaycanın mövqeyi üst-üstə düşür: nasistlərin qəhrəmanlaşdırılması və tarixin müəyyən maraqlar naminə yenidən yazılması yolverilməzdir.

Rusiyalı ekspert “qəhrəman”ı Baş Nazir Paşinyan olan beynəlxalq qalmaqala da toxunub. Xatırladaq ki, bu günlərdə erməni KİV-i Paşinyanın babası ilə bağlı sensasiyalı sənədləri - onun nasistlər tərəfində vuruşduğunu sübut edən qeydiyyat kartını yaymışdı.

“Vəziyyət özü olduqca qalmaqallıdır, ancaq biz hələ ki rəsmi şəkildə heç bir açıqlama eşitməmişik – bu da suallar doğurur. Hesab edirəm ki, ilk növbədə Ermənistanın xüsusi xidmət orqanları buna reaksiya göstərməli idi. Niyə? Çünki şübhə yoxdur ki, Paşinyan müxalif mövqedə olanda onunla bağlı araşdırmalar aparılıb. Bəllidir ki, bununla bağlı müvafiq sənədlər saxlanılır. Sual: hakimiyyət dəyişikliyindən sonra həmin sənədlərə nə oldu? Məhv edildi? Yaxud bu gün də haradasa saxlanılır və daha sonra Paşinyanın özünə qarşı “hücum” üçün təzyiq vasitəsi ola bilər. Qeyri-müəyyənlik suallar yaradır”, - deyə rusiyalı baş redaktor deyib.

“Ən əsası, Paşinyan hələ də ona qarşı ittihamlara heç bir reaksiya verməyib. Bu isə digər bir faktla – Paşinyanın nasistlərin silahdaşı Qaregin Njdenin qəhrəmanlaşdırmaq ideyasını israrla müdafiə etməsindən qaynaqlanır.

Bu qalmaqal Paşinyanın nasist silahdaşının abidəsini qorumaq üçün inadkar cəhdləri ilə əlaqəlidir. Üstəlik, Njdeyə münasibətdə də hər şey aydındır – Njdeni həbs edən sovet əks-kəşfiyyat SMERŞ-in rəyi var və orada birmənalı şəkildə göstərilib: Qaregin Njde SSRİ ərazisində Qırmızı ordunun arxa cəbhələrinə göndərilmək və dinc vətəndaşlara qarşı terror törətmək üçün təxribat dəstələri hazırlayıb”, - deyə Korotçenko bildirib.

O deyib ki, burada söhbət hər hansı siyasi döyüşçüdən getmir, Njde cinayətkar olub:

“Qəribədir ki, Ermənistan onu qəhrəmanlaşdırır. Xatırladım ki, bizdə Moskvanın müdafiəsinə görə mükafatlandırılan sovet generalları olub: xüsusən, Moskvanın müdafiəsinə görə ali mükafatlara layiq görülən general Vlasov. Ancaq o, Almaniya ilə əməkdaşlığa getdi, “vlasovçular” bölməsini yaratdı. Bu bölmə də erməni legionu kimi cəza funksiyalarını yerinə yetirirdi – Njde kimi Qırmızı orduya qarşı vuruşurdu. General Vlasov ölkəmizdə satqın və cinayətkar elan edildi və edam olundu. Heç kəs onu qəhrəmanlaşdırmağa çalışmadı. Buna cəhd etməyə görə belə, Rusiyada Cinayət kodeksi üzrə cəza nəzərdə tutulur.

Əlbəttə, mən Ermənistan KİV-ni oxudum və onların Azərbaycan tərəfinin Njdedən Ermənistana qarşı hücum məqsədilə istifadə etdiyini yazdığını görəndə məəttəl qaldım. Hitler Almaniyasının rəhbərləri erməniəsilli olsaydılar, bu gün onları da qəhrəman edəcəkdiniz? Bunu necə başa düşmək olar? Njde- cinayətkardır”.

Korotmenko Yerevanın mərkəzində Qaregin Njdeyə ucaldılan abidəni də xatırlayıb:

“Bu abidə əvvəlki hakimiyyət tərəfindən qoyulub. Ancaq Paşinyan bu biabırçılığı sökmək qərarına gələ bilərdi. Ancaq heç bir qərar verilmədi: əksinə, Paşinyan onu müdafiə etdi.

Yerevanın mərkəzində nasist silahdaşına heykəl qoyulması və KİV-in Paşinyanın erməni legionunda vuruşan babası haqda məlumatlar paylaşması insanı düşünməyə və suallar verməyə məcbur edir”.