O gün güclü yağış yağırdı. İlk yağış damcısı üzümə düşdükdən sonra qaçmağa başlamışdım. Hələ gedəsi çox yolum var idi. Gözlənilmədən yağışa tutulmağım, planlarımı korlamışdı. Yanımdan keçən maşınlara da gözucu baxırdım ki, üstüm başım palçıq olmasın. Avtobus üçün cibimdə pul da qalmamışdı.
Təxminən bir kilometr məsafə qət etdikdən sonra bir ağacın altına sığınıb, biraz dincəlməyə qərar verdim. Gözləməyə başladıqdan bir-iki dəqiqə sonra uzaqdan bir polis maşının gəldiyini gördüm. Son çarəm polisdən kömək istəmək idi. Ağacın altından çıxıb yolun kənarına yaxınlaşdım. Polislər əlimi qaldırdığımı görüb, maşını saxladılar, pəncərini açıb, nə istədiyimi soruşdular. Pəncəəryə doğru əyilərək onlardan xahiş etdim:
-Üzr istəyirəm, Ç. tərəfdə qalıram. Yolunuzun üstündərsə...
-Əyləş qardaş.
Bu mənim polislə ilk tanışlığım idi. Məni maşınları ilə qaldığım ünvana qədər ötürdülər. İstanbulda polislərlə bağlı buna bənzər bir çox xoş xatirəm var... Bu yaxınlarda isə ilk dəfə bizim polislərdən biri ilə tanış olmaq mənə nəsib oldu. Bakıda yeraltı keçiddən istifadə etmədiyim üçün bir polis tərəfindən saxlanıldım.
(Əvvəlcə onu deyim ki, mən qanuna hörmət edirəm. Səssizcə cəzam nədirsə ona razı oluram. )
Polis mənə yaxınlaşıb özünü təqdim etdi. Sonra şəxsiyyət vəsiqəmi istədi. Ona qısaca şəxsiyyət vəsiqəmlə bağlı problemimdən danışdım, onun yerinə xarici pasportumu təqdim etdim... Nəticədə polis adımı əlindəki aparata yazıb, axtardı və tapa bilmədi. Birdən-birə üzünü kədər bürüdü. Bu vəziyyətin həm onu, həm də məni pis vəziyyətdə qoyduğundan bəhs edib, üzünə mehriban bir ifadə verdi:
-Görürəm sən də tələsirsən. Bəlkə də indi səni sevgilin, dostun gözləyir. İndi biz polis bölməsinə getsək, sənin ən az bir saatın gedəcək. Bizim üçün də əziyyətdir amma biz tələsmirik qardaş. İndi biz necə edək?
-Necə edək, bilmirəm vallah.
-Həə...biraz gözlədi. Biraz da səmimi görünməyə çalışaraq dedi:- özün haralısan?
-Ermənistanlı.
-Hə, belə denən. Mən də yerazam. Hansı rayondansan?
- K. rayonu, S. kəndi.
-Həə, biz lap yerliyik ki. Qardaş görürəm sən həm tələsirsən, həm də özgə deyilsən. Gəl belə edək də. Sən mənə iki red bul al, bununla da səni yola salım get.
Bu sözləri eşidəndən sonra bir neçə dəfə eyni sualları təkrarladım:
-Nə? Necə? Necə yəni?
Ağzım bir qarış açılmışdı. Gah polisin gülümsəyən sifətinə baxır, gah da müxtəlif istiqamətlərə baxıb, sanki ətrafda kamera olub-olmadığını dəqiqləşdirməyə çalışırdım. Mənə elə gəlirdi ki, bu ancaq zarafat ola bilər. Polisin məndən niyə belə bir şey istədiyni heç cür anlaya bilmirdim. Gülümsəyərək dedim:
-Qardaş ayıbdı e vallah. Elə şey olar? Siz nə danışırsız!
Sürücülərdən “heç olmasa günorta yeməyinin pulunu ver” kimi şeylər istəyən polislər haqqında çox eşitmişdim. Amma Redbul hardan çıxdı axı? Qərar verə bilmirdim ki, bu vəziyyətdə ağlamalıyam ya gelməliyəm. Polis gördü ki, məndən bir şey çıxmayacaq, dedi qardaş heç olmasa pulunu ver, özüm alaram. Mən onun dediyinə fikir vermədim. Yavaş-yavaş əsəbləşməyə başlamışdım:
-Qardaş mən 8 ildir hərbidəyəm. Ayıbdır axı, siz məndən necə belə bir şey istəyə bilərsiz? Deməli mən yolun qarşı tərəfinə keçəcəm, sizə kola alacam. Ayıbdır eh vallah.
Nəhayət məndən ona xeyir dəyməyəcəyini başa düşüb, “nə isə get” dedi. Başqa heçnə demədi. Utananana da oxşamırdı. Sadəcə mənim kimi boş-boş danışan bir adama baş qoşmaq istəmədi.
Polis olmasam da yaxşı bilirəm ki, istər polis akademiyasında, istərsə də hərbi məktəblərdə kadrlar demək olar ki, eyni tərbiyyə dərslərini keçirlər. Mənimlə təxminən eyni yaşda görünən bir polisin utanmadan belə bir şey istəməsi məni çox utandırdı. Biraz da əsəbləşdim. Necə olur ki, mənim dediyim sözlərdən sonra onun üzündə zərrə qədər utanc ifadəsi görmədim!
Vəziyyəti dramatikləşdirmək, söhbəti uzatmaq gərəksizdir. Buna oxşar söhbətləri hər gün eşidir, yaşayırsız. Bunlar heç kim üçün sirr deyil. Sadəcə olaraq polislərlə bağlı bir əhvalat da mən danışmaq istədim. Görəsən elə bir gün görəcəyikmi ki, mən bu hadisəni danışanda heç kim mənə inanmayacaq və deyəcək ki;
-“Ə yekə kişisən, nə ağzına gələni danışırsan, elə şey ola bilməz. Başqa şey tapa bilmədin də uydurmağa? Axı polis cəmiyyətin vicdanıdır. Demək istəyirsən ki, vicdanımızı qoruyan adamlar arasında belə-rüşvətxor, mənəviyyatsız insanlar var? ”