Videosu yayılan qazi xəstəxanaya yerləşdirildi

videosu-yayilan-qazi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 11152

Ötən gündən sosial şəbəkələrdə Vətən müharibəsində iştirak etmiş daha bir qazinin ciddi müalicəyə ehtiyacı olduğu barədə video yayılıb. 

Söhbət Ağdaş rayon Ovçulu kəndində yaşayan 1995-ci il təvəllüdlü Tarverdiyev Şahmar Şaban oğlundan gedir. Həmin görüntülərdə çıxış edən qazinin anası 7 aydır ki, oğlunun psixoloji vəziyyətinə görə günün əksər saatlarında şiddətli sarsıntı keçirdiyini bildirib.  

Qazinin qardaşı Tarverdi Tarverdiyev "Qafqazinfo"ya bildirib ki, Şahmar müharibədən sonra bu vəziyyətə düşüb:

"Səfərbərlik Xidmətinin çağırışıyla müharibəyə getmişdi. Bu günə kimi onun vəziyyəti ilə də maraqlanan olmayıb. Mən özüm  dəfələrlə icra hakimiyyətinə də müraciət etmişəm. "Xoş gəldin, xoş getdin" sözlərindən başqa bir şey eşitməmişəm. Deyirlər ki, müharibədə yaralanmayıb, hospitala getməyib, əlinizdə həkim kağızı yoxdur deyə kömək edə bilmərik. Qardaşım müharibənin ağırlığından, gördüklərindən psixoloji sarsıntı keçirib. Bu günə kimi də gördüklərini yaddan çıxara bilmir. Müharibə zamanı mərminin qəlpələri sağ tərəfdən qulaq nahiyəsinə dəyib. Az qan axıb. Başağrıları olduğu halda həkimə müraciət etməyib".

T. Tarverdiyev bildirib ki, video yayılandan sonra qardaşı xəstəxanaya yerləşdirilib: "O ilk dəfədir ki, müalicə alacaq. Videodan sonra Kamil Zeynallı bizimlə əlaqə saxladı. Bu gün onun köməyi ilə qardaşımı Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirdik. Həkimlər dedi ki, müalicələrdən sonra düzələcək".

Ağdaş rayon İcra Hakimiyyətindən "Qafqazinfo" ya bildirilib ki, sözügedən qazi evində üç dəfə ziyarət edilib: "Deputat tərəfindən də ona kömək edilib, dərmanlar verilib. Bildirilib ki, onun vəziyyətindən məlumatlıdırlar. Qaziyə necə lazımdır köməklik göstərilib və bundan sonra da vəziyyəti diqqətdə saxlanılacaq".