Videotəlim platformasından istifadə edən sahibkarların sayı artır

Videotəlim platformasından istifadə edən sahibkarların sayı artır
Oxunma sayı: 766

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış videotəlim platformasından istifadə edənlərin sayı artır.

“Qafqazinfo” xəbər verir ki, artıq 200-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxs video təlim platformasında şəxsi kabinetini yaratmaqla biznesə başla, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətlərində onlayn təlimlərdən faydalanıb.

Qeyd edək ki, KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının video təlim platforması bölməsində qeydiyyatdan keçməklə 180 təlim videosunu izləyə bilərlər. Vaxta qənaət, internetə çıxış olan istənilən məkandan qoşulma, video təlimləri təkrar izləmək imkanı, təlim materialları, videoları izlədikdən sonra özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların praktik və peşəkar təlimçilər tərəfindən izah olunması və platformadan istifadənin ödənişsiz olması video təlim platformasının başlıca üstünlükləridir.