VII Bakı Beynəlxalq Kitab Sərgisi nə ilə yadda qaldı? - Fotolar

VII Bakı Beynəlxalq Kitab Sərgisi nə ilə yadda qaldı?
Oxunma sayı: 733

6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2021) böyük təəssüratlarla 10 oktyabrda öz işini yekunlaşdırıb.

Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi artıq ənənə halını almış bu tədbirin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə baş tutan sərgidə 12 ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistana) 43 xarici təşkilat, 122 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etdi və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunub.

Tanınmış yerli və xarici yazarlar – Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Reyhan Yusifqızı, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Ercan Kesal, Sinan Yağmur, Şah Səlimi Türkay, Toğrul Mehti Niyazi və başqaları sərginin müxtəlif günlərində tədbirin xüsusi qonaqları olublar.

Qarabağ mövzusu, Prezident İlham Əliyevin komandanlığı ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq Zəfəri sərginin yaradıcılıq nöqteyi-nəzərindən əsas mövzusu idi. Müəlliflər qələbəyə həsr olunmuş kitab, esse və şeirlərini təqdim ediblər.

Sərgi zamanı Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Nizami Gəncəvi” guşəsinin və Nizami Gəncəvi ilə bağlı yeni nəşr olunan kitabların təqdimatı keçirilib.

“Günün qonağı” olan Xalq yazıçısı Çingiz Abdullayev sərgidə gənc nəslə Vətən sevgisini, təhsilin önəmini aşılayan yazarların kitablarının təqdim olunmasını yüksək qiymətləndirib. Şair Nigar Həsənzadənin “İgidlərin sözü” layihəsi xüsusi maraqla qarşılandı. Layihə çərçivəsində qazilər 44 günlük Qarabağ müharibəsi vaxtı yazılmış şeirlərini səsləndiriblər.

Sərgidə qardaş Türkiyənin nəşriyyatları geniş tərkibdə təmsil olunub. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Şule Yıldız Bakı Beynəlxalq Kitab Sərgisinin işini bəyəndiklərini, növbəti illərdə sərgidə iştirakları ilə bağlı daha maraqlı planlarının olduğunu deyib. “İmza günü” keçirilən türk yazıçısı və tədqiqatçısı Sinan Canan sərgiyə, bilavasitə kitaba ölkəmizdə geniş marağın olmasını təqdir edib.

Yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, bu sərgi Azərbaycanda kitab çapının inkişafına təkan verəcək, çünki burada əlaqələr qurulur, çoxsaylı görüşlər keçirilir və bunun nəticəsində yeni layihələr üçün imkanlar yaranır.

Türkiyədə yayımlanan “Çukur” adlı serialda İdris Koçovalı obrazı ilə milyonların sevgisini qazanmış məşhur aktyor və yazıçı Ercan Kesal sərginin qonağı olub. Çoxsaylı oxucuları ilə görüş keçirdi və görüşə qatılanlar üçün kitablarını imzalayıb.

Yazıçı, şair Elxan Elatlı görüş zamanı çoxsaylı gənc ziyarətçilərin əhatəsində - “indi tez-tez deyirlər ki, gənclər az kitab oxuyurlar, məncə isə sərgi bu faktı uğurla təkzib etdi”, - deyib.

Sərginin keçirildiyi günlərdə foyedə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşa, həmçinin “Tıq-Tıq xanım” və “Cırtdan” kukla tamaşaları təqdim edilib, müxtəlif ustad dərsləri (xalça eskizlərinin hazırlanması, ebru sənəti) keçirildi. Uşaq yazıçısı Solmaz Amanova milli nağıl personajlarını kitablar və oyunlar ilə azyaşlı ziyarətçilərə təqdim edib.

Sərgidə bir ilk də yaşandı, sevdikləri yazıçının oxucularla görüş keçirəcəyini öyrənən gənclər - Cavidan Əliyev və Rəhmilə Ağayeva toy günü sərgini ziyarət ediblər.