Vilayət Eyvazov türkiyəli generalla görüşdü

vilayet-eyvazov-turkiyeli-generalla-gorusdu
Oxunma sayı: 2416

Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 7-ci işçi görüşdə iştirak etmək üçün Türkiyənin DİN-in Emniyyet Genel Müdirinin müavini, general-mayor Resul Holoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfərə gəlib.

“Qafqazinfo” DİN-in mətbuat xidmətinə istinadə xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 6-da nümayəndə heyətini qəbul edib.

Qeyd olunub ki, Azərbaycanın Daxili İşlər Nazirliyi qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi, dostluq və strateji əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi barədə dövlətlərarası müqavilələrə əsaslanır.

Nazir Vilayət Eyvazov polis əməkdaşlığı üzrə keçirilən işçi görüşlərinin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri general-mayor Resul Holoğlu qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər hansı iki dövlət arasındakı əlaqələrə bənzəmədiyini vurğulayaraq, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib.  

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.