Vilyam Hacıyev təcridxanaya qaytarıldı

vilyam-haciyev-tecridxanaya-qaytarildi
Oxunma sayı: 2195

Həbsdə koronavirusa yoluxmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev sağalıb.

Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, V.Hacıyevin səhhəti yaxşılaşıb. O, bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxduğundan Gömrük Hospitalında yerləşdirilərək orada müalicə alıb. V.Hacıyev tam sağalaraq Penitensiar Xidmətin təcridxanasına qaytarılıb.

Qeyd edək ki, keçmiş icra başçısı ötən ay koronavirusa yoluxduğu üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, daha sonra Gömrük Hospitalına köçürülmüşdü. 

Vilyam Hacıyevin 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Xidməti və yaşadığı ünvanlarına keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.