“Visa İnt.”lə birgə Milli Xalis Hesablama Sistemi təqdim olunub

visa-intle-birge-milli-xalis-hesablama-sistemi-teqdim-olunub
Oxunma sayı: 946

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə iştirak edən Mərkəzi Bankın sədrinin I müavini Alim Quliyev, “Visa İnt.” təşkilatının Rusiya, MDB ölkələri və Cənub-Şərqi Asiya üzrə baş direktoru Stiven Parker və MDB üzrə regional meneceri Aleksandr Kalita ölkədə nağdsız hesablaşmaların inkişafını müzakirə ediblər.

A. Quliyev bildirib ki, Azərbaycanda nağdsız hesablaşmaların inkişafı məqsədilə ölkə rəhbərliyi səviyyəsində bütün qurumlara müvafiq tapşırıqlar verilib və hazırda müvafiq dövlət proqramının hazırlanması istiqamətində iş aparılır, ticarət və xidmət sahəsində nağdsız hesablaşmaların genişləndirilməsi üçün tədbirlər görülür: “Hazırda Azərbaycanda 5 prosesinq mərkəzi fəaliyyət göstərir, kommunal ödənişlərin elektron qaydada həyata keçirilməsi üzrə sistem istifadəyə verilib, plastik kartların dövriyyəsi, bankomat və POS-terminalların sayı üzrə statistika müsbətdir. Lakin bu sahədə müəyyən problemlərin olduğunu bildirən A. Quliyev bunların sırasında plastik kartlardan əsasən nağd pulların bankomatlardan çıxarılması üçün istifadə edilməsi və əhali arasında hələ də nağd pulla hesablaşmalara meylli olmasını vacib məsələlər kimi qeyd edib”.

S. Parker isə “Visa İnt” təşkilatının Azərbaycanda 1997-ci ildən işlədiyini bildirib, Azərbaycanda plastik kart sahəsinin sürətlə inkişaf etdiyini deyib: “Ötən il Azərbaycanda VİSA kartları üzrə ödənişlərin həcmi 25% artıb. Amma ölkədə 4 mln. plastik kartın olmasına baxmayaraq, kartlardan əsasən nağd pulların çıxarılması üçün istifadə olunur”.

A. Kalita da “Visa İnt.” tərəfindən Azərbaycanda ölkə daxili banklararası ödəniş sisteminin istifadəyə verildiyini bildirərək qeyd edib ki, bu sistem plastik kart bazarında dövriyyəni artıracaq və bankları bu sahədə daha fəal işləməsini stimullaşdırılacaq.

Nigar Məmmədli